Bu qatil evimizə səssiz və xəbərdarlıqsız gəlir

Day.Az представляет новость на азербайджанском языке.

Oktyabr ayında 50, noyabrda isə 93 nəfər xəstəxanaya yerləşdirilib

Son günlərdə dəm qazından zəhərlənənlərin və bu səbəbdən də dünyasını dəyişənlərin sayı artıb. Belə hadisələrdən biri iki gün bundan əvvəl Binəqədi rayonunda baş verib. Kirayədə yaşayan Kamran Ələddinov vanna otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Buna bənzər digər bir hadisə isə Xətai rayonunda qeydə alınıb. Bu dəfə dəm qazı yeni ailə qurmuş 24 yaşlı Verdiyev Tural Firuz oğlu ilə onun həyat yoldaşı Məhərrəmova Şahnaz Sadiq qızının canını alıb. Başqa bir hadisə isə Novxanı bağlar yaşayış massivində qeydə alınıb. Səssiz gələn qatil bu dəfə Musa Məmmədovu və həyat yoldaşı Palmira Əhmədovanın həyatına son qoyub.

Anspress xəbər verir ki, Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının operativ işlər üzrə şöbənin böyük həkimi Leyla Musayeva bu il dəm qazı zəhərlənməsi ilə müraciət edənlərin sayında xeyli artımın olduğunu bildirdi. Bu ilin oktyabr ayında dəm qazı ilə əlaqədar 65 çağırış daxil olub ki, nəticədə 50 nəfər xəstəxanaya yerləşdirilib. Noyabr ayında isə stansiyaya 127 çağırış daxil olub ki, 93 nəfər xəstəxanaya yerləşdirilib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayevin sözlərinə görə, bu cür xoşagəlməz hadisələrin baş verməsinə səbəb insanların təhlükəsizlik qaydalarına düzgün əməl etməmələridir. Belə hadisələrin baş verməməsi üçün tüstü bacaları tez-tez təmizlənməlidir.

Əgər hər bir vətəndaş təhlükəsizlik qaydalarına ciddi əməl edərsə, o zaman belə xoşagəlməz hadisələrin də qarşısını almaq olar.

/Anspress/