Jurnalistin vəfat etdiyi klinikanın baş həkimi niyə getdi?

Day.Az представляет новость на азербайджанском языке.

Tənqidçi Elnarə Tofiqqızının əməliyyata hazırlıq zamanı dünyasını dəyişdiyi "MediSina" klinikasının baş həkimi Abbas Bağırov işdən niyə çıxdığına aydınlıq gətirib.

"Media forum" saytına açıqlamasında Abbas Bağırov istefa ərizəsini oktyabrın 18-də yazdığını bildirib:

"MediSina" Tibb Mərkəzindən ayrılmağımın səbəbi səhhətimdə yaranan problemlərlə bağlıdır. Mən tibb üzrə fəlsəfə doktoruyam, həkiməm. Səhhətimdə yaranan problem aradan qalxdıqdan sonra həkimlik fəaliyyətimi davam etdirəcəm".

Abbas Bağırov deyib ki, o, Elnarə Tofiqqızının əməliyyatında iştirak etməsə də, hadisədən psixoloji travma alıb: "İşləmə imkanlarım məhdudlaşdı. Müalicə olunduqdan sonra həkimlik fəaliyyətimi davam etdirəcəm. Amma "MediSina" Tibb Mərkəzində deyil, başqa bir xəstəxanada. Çünki bir yerdə pis hadisə olanda istər-istəməz insanın ürəyi qırılır".

Elnarə Tofiqqızı bu il sentyabrın 20-də "MediSina" Tibb Mərkəzində əməliyyat zamanı vəfat edib. Yaxınları onun həkim səhlənkarlığı və məsuliyyətsizliyinin qurbanı olduğunu deyir. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.
 

/Media forum/