Universitet Gülər Əhmədovanın məsələsini həll edəcək

Day.Az представляет новость на азербайджанском языке.

Sabiq deputat Gülər Əhmədova Bakı Dövlət Universitetinin müəllimi olaraq qalır.
 

Universitetin sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə dekabrın 9-da "Media forum" saytına deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Gülər Əhmədova barəsində elan etdiyi hökm təhsil ocağına gəlib çıxmayıb: "Gülər Əhmədovaya dərs yükü verilməyib. Onun dərsləri başqa müəllimlər arasında bölünüb. Amma Gülər Əhmədova Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi olaraq qalır. Məhkəmənin hökmü gələn kimi məsələ həll olunacaq".

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.