Azərbaycan xərçəngin geniş yayıldığı ölkələr sırasındadır

Day.Az представляет новость на азербайджанском языке.

Əvvəllər ancaq paytaxtda bu hallara rast gəlinirdisə, indi hətta ən ucqar bölgələrdə belə xərçəng xəstəliyindən dünyasını dəyişənlərin sayı artıb. Son dövrlər məşhurlar arasında da bu xəstəlikdən əziyyət çəkənlərin sayı çoxalıb. Məsələn, tanınmış şair Vaqif Səmədoğlu, aktrisa Kübra Əliyeva, diktor Rafiq Hüseynov, aktrisa Xanım Qafarova hazırda bu xəstəlikdən əziyyət çəkirlər. Bu günlərdə isə Azərbaycanın tanınmış şahmatçısı Vüqar Haşımov bu xəstəlikdən Almaniyadakı məşhur xəstəxanaların birində dünyasını dəyişdi. Hazırda dünyanın bir nömrəli bəlasına çevrilən bu xəstəliyin təəssüf ki, dərmanı tapılmır...
 

Bu xəstəlikdən qorunmağın müxtəlif yolları var. Bunun üçün necə deyərlər, "Amerika kəşf etməyə" ehtiyac yoxdur. Gündəlik qidalanmamıza, həyat tərzimizə fikir verməliyik. Məsələn, biz Azərbaycanlılar çayı qaynar-qaynar içməyi, xörəyi isti-isti yeməyi çox sevirik. Lakin Türkiyəli alimlər bu qənaətə gəliblər ki, bu, doğru deyil. Akdeniz Universiteti Xəstəxanasının cərrahı, professor. Dr. Abdullah Erdoğan bununla bağlı maraqlı açıqlamalar verib. Professor deyib ki, yemək borusu xərçəngi ilə qidalanma və yeməyin bişmə forması arasında bağlantı var. Onun sözlərinə görə, çox isti yemə və içmək, yemək borusu xərçənginə tutulma riskini artırır.
 

Abdullah Erdoğan gizli inkişaf edən yemək borusu xərçənginin ümumən çox da geniş yayılmadığını bildirir. Lakin dünyanın bəzi bölgələri də var ki, orada bu xəstəlik nistəbən çox (100 min nəfərdən 700 xəstə) yayılıb.
 

Yemək borusu xərçənginin çox yayıldığı bölgələrdə təməl problemin qidalanma olduğuna işarə edən professor bu mövzuda İran, Yaponiya, Hindistan, Güney Afrika Cümhuriyyəti, Pakistan, Azərbaycan kimi ölkələri misal çəkib.
 

O: "Qidalanma çox önəmli olsa da, qida borusu xərçəngini tətikləyən həddindən artıq isti yemək və içməkdir. Bundan başqa, qidaları alaçiy bişirmək də ən önəmli faktorlardan biridir. Anormal bişirmək deyincə, ilk ağla gələn tüstüyə verilmiş ət, kababların düzgün bişirilməməsi və sairəni misal göstərmək olar. Məsələn, manqalda istifadə edilən kömür tamam yanmalıdır. Manqal alovlu olduğu zaman ətin üzü yanır, içi isə çiy qalır. Kabab bişirilən zaman ətin közdən, alovdan 8-10 santimetr uzaqda olması, közün istisinə bişməsi lazımdır.
 

Milli Onkologiya Mərkəzinin Torokal Onkologiya şöbəsinin müdiri Əbülfəz Soltanov da deyir ki, qida borusu xərçənginə gətirirb çıxaran səbəblər yeməklərin münasib şəkildə yeyilməməsi, ağız gigiyenasına əməl edilməməsi, qaynar və çox isti yemək, həddən çox tütün, siqaret çəkmək, uzun müddət spirtli içki qəbulu və sairədir. Onun sözlərinə görə, yaşlı adamlarda, əksər vaxt kişilərdə, kök adamlarda, siqaret çəkənlərdə, xroniki alkoqoliklərdə, qida borusu xəstəliklərindən biri olan akalazada, qəza və ya intihar məqsədilə toksik maddə içənlərdə, sosial-iqtisadi durumu yaxşı olmayanlarda bu xəstəliyə daha çox rast gəlinir.
 

Bəs bu xəstəliyin əlamətləri nələrdir? Onun sözlərinə görə, qidanın udulması zamanı ağrılar olursa, daralma hiss olunursa, ciddi çəki azalması müşahidə edilirsə, habelə qusma və ya udulan qidaların ağıza geri qayıtması, səsin tonunun pisləşməsi, öskürək, bir sıra hallarda qan qusma və ya ağızdan qan gəlmə kimi əlamətlər bu xəstəlikdən xəbər verir. Bu zaman xəstələr mütəxəssis-onkoloqa müraciət etməlidirlər:

"Xəstə udma çətinliyi çəkdiyi zaman ilk əvvəl ümumi cərraha müraciət etsə yaxşıdır. Bacarıqlı və təcrübəli cərrahlar, burun-boğaz, qulaq həkimləri və qastroenteroloqlar qida borusu xəstəlikləri ilə məşğul olsalar da xərçənglə rastlaşdıqları zaman mütəxəssis onkoloqla bilik-təcrübə mübadiləsi edirlər".

"Zaman Azərbaycan"