Mətbuat Şurası: Prezident İlham Əliyevin sərəncamı mediaya verilən böyük dəyərdir Day.Az представляет новость на азербайджанском языке:

"Milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənə halını alıb. Prezidenit İlham Əliyevin bu günkü sərəncamı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu xoş ənənənin davamlılığından xəbər verir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamını bir neçə cəhətdən şərh edib: "Sərəncam fundamental xarakter daşıyır. Sənəd medianın cəmiyyət həyatındakı roluna verilən böyük dəyərdir. Orada 140 illik yola kifayət qədər sistemli yanaşılıb. Bir növ, keçmişlə müasirliyin vəhdəti əsas xətt kimi götürülüb. Xüsusən də jurnalistikanın tarixi milli özünüdərk proseslərindəki, hazırkı dövrdə isə demokratik dövlət quruculuğundakı önəmi vurğulanıb. Bütün bunlar həm mediaya etimad, həm də cəmiyyətə medianın dəyəri ilə bağlı mesajdır. Dövlət başçısının belə həssas yanaşması biz jurnalistlər üçün son dərəcə vacibdir".

Ə.Amaşov milli mətbuatımızın yubileyləri ilə əlaqədar sərəncamlar üçün ənənəvi olan daha bir məqam üzərində dayanıb. Bu baxımdan Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı müddəanın yer almasına diqqət yetirib. "Bu, qələm sahibləri üçün əlavə stimuldur. Jurnalistika çətin peşədir. Ömrünü onun məziyyətlərinə sərf etmiş, çətinliklərinə qatlaşmış həmkarlarımız az deyil. Onların əməyinin qiymətləndirilməsi son dərəcə zəruridir. Sərəncam bu zərurəti dəyərləndirmək istiqamətində də konkret addımdır", - deyən Ə.Amaşov sənəddən irəli gələrək rəhbərlik etdiyi qurumun üzərinə də böyük məsuliyyətin düşdüyünü önə çəkib, Mətbuat Şurasının dövlət başçısının etimadını doğrultmaq üçün qarşıdakı müddətdə səylə çalışacağını vurğulayıb.

Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsinin təmin edilməsi ilə bağlı prezident sərəncamında yer alan müddəaya gəlincə, Ə.Amaşov Şuranın da bu istiqamətdə xüsusi tədbirlər planının hazırlanacağını bildirib. "Sərəncamdan irəli gələn məsələlərlə bağlı Mətbuat Şurasının İdarə Heyətinin iclası keçiriləcək. Müvafiq dövlət qurumları ilə də təmaslarımız olacaq. Düşünürəm ki, bununla bağlı konkret vahid plan üzrə hərəkət edəcəyik", - deyə Şura sədri əlavə edib.