Cərimə protokolları sürücülərə niyə vaxtında çatdırılmır?
Day.Az представляет новость на азербайджанском языке
Ekspress.az xəbər verir ki, cərimə protokollarının gecikdirilməsi çox vaxt sürücülər tərəfindən narazılıqla qarşılanır. Vaxtında ödənilməyən cərimələrin üstünə faiz gəlir. Ödənilməyən cərimələrə görə sürücünün maşını üzərinə həbs qoyula, hətta o, sürücülük hüququndan məhrum oluna bilər.
Qeyd edək ki, yol hərəkəti qaydalarını pozduğundan xəbərsiz sürücü yolda dəfələrlə eyni qayda pozuntusunu törədir və cərimə protokollarının sayı artır. Gecikdirilmiş cərimə protokolları sürücülərin əksəriyyətində şübhələr doğurur. Çoxu qayda pozuntularını etmədiyini bildirir.
Sürücü Pərviz Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində 4-5 qayda pozuntusu haqqında məlumatlar alıb: "Cərimə protokolları gecikdirildiyinə görə qayda pozuntusunu törətməyimi xatırlamıram. Bu da məndə şübhə doğurur. Həm əvvəlcədən bilmədiyim üçün cəriməni ödəmək üçün pul da tədarük edə bilmirəm. Bir neçə cərimə birdən göndərildiyi üçün məbləğ də çox olur".
Yol ekspertiƏrşad Hüseynovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində konkret nəzərdə tutulub ki, sürücünün törətdiyi qayda pozuntusu barədə cərimə protokolu avtomatik işləyən elektron qurğularla qeydə alınırsa, bir gün ərzində sürücünün yaşayış yeri üzrə rayon dövlət yol polis orqanına göndərilməlidir. Oradan da protokol iki gün müddətinə sürücüyə göndərilməlidir ki, cəriməni ödəsin. Yəni ki, sürücü qaydanı pozduğu vaxtdan üç gün ərzində bu haqda protokol sürücüyə göndərilməlidir. "Bu sistem elə qurulub ki, polis və poçt normal işləsələr, protokol uzağı 15 günə sürücüyə çatmalıdır".
Hüseynov bildirib ki, protokolların gecikdirilməsi kimlərinsə bu prosesləri düzgün icra etməməsi üzündən baş verir: "Cərimə protokollarının gecikdirilməsinin əsas iki səbəbi var. Səbəblərdən biri insanların qeydiyyatda olduğu ünvanda yaşamaması ilə bağlıdır. Poçtalyon cərimə protokolunu çatdıracağı adam qeyd olunan ünvanda yaşamadığı üçün geri göndərir. Qanunda nəzərdə tutulub ki, əgər vətəndaş ünvanında yoxdursa, poçt cərimə protokolunu çatdırmaq mümkün olmadığı üçün geri qaytarırsa, qərar çıxarılır ki, polis işçiləri yolda həmin adamın avtomobilini görəndə saxlayıb protokolu ona versinlər. Bu, qanunla nəzərdə tutulsa da, icrası ilə bağlı problemlər var. Kimlərsə tənbəllikdən bu işləri etmirlər", - deyən Hüseynova görə, cərimələrin gecikdirilməsi texniki səbəblər üzündən də ola bilər.
Yol eksperti qeyd edib ki, protokollar gecikdirilibsə, sürücülər məsul şəxslərin məsuliyyətsizliyinə görə məhkəməyə müraciət edə bilərlər: "Əgər sürücünün ünvanla bağlı problemi yoxdursa, hər şey qaydasındadırsa, məsul şəxslərin intizamsızlığından və diqqətsizliyindən bu sənəd vaxtında çatdırılmayıbsa, qayda pozuntusu törədiləndən sonra iki ay keçərsə, vətəndaş protokolu əldə etdikdən sonra Dövlət Yol Polisinə və ya məhkəməyə şikayət edə bilər. Bu şikayət əsasında İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş cəlbetmə müddəti bitdiyinə görə, həmin işə xitam verilməli, yəni cərimə tətbiq edilməməlidir".
Onun dediyinə görə, cərimələr haqqında protokollar vaxtında göndərilsə, sürücü də belə bir probleminin olduğunu tez bilər. Protokolu gecikdirəndə sürücü həmin qayda pozuntusunu nə vaxt etdiyini xatırlamır. Bununla yanaşı, protokol gecikdirildiyi üçün sürücü bir ayda eyni qayda pozuntusunu 4-5 dəfə təkrarlayır. Protokollar vaxtında göndərilsə, sürücü törətdiyi qayda pozuntusunu doğrudan da etdiyini xatırlayar. Lakin sürücüyə 3 aydan sonra protokol gəlir ki, eyni yerdə 5 gün dalbadal eyni qaydanı pozub. Protokol vaxtında göndərilsəydi, sürücü eyni səhvlərə yol verməzdi".
Ə.Hüseynov bildirib ki, cərimə protokolu barədə qərar vətəndaşa çatdığı gündən qüvvəyə minir: "Qüvvəyə minəndən sonra 1 ay müddətində vətəndaş onu icra etməsə, cərimədə nəzərdə tutulan məbləğin üstünə faiz gəlir. Gecikmənin bir ayından sonra məbləğin üstünə gündə bir faiz gəlməyə başlayır. İki ay müddətində bir faiz gəlməklə davam edir. Cərimə maksimum 60 faiz arta bilər. İki ay sonra avtomobil saxlanılır, üzərinə həbs qoyularaq cərimə meydançasına aparılır. Sürücüyə cəriməni bu yolla ödətdirirlər. Cərimə ödənilmədikdə 3 ay tamam olandan sonra həmin sürücü məhkəməyə dəvət olunur. Barəsində İnzibati Xətalar Məcəlləsində 313-2.2-ci maddə üzrə yenidən protokol tərtib olunur. Göndərilir məhkəməyə. Məhkəmə sürücünün 6 aydan bir ilədək sürücülük hüququnu məhdudlaşdırır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре