Azərbaycan ciddi iqtisadi sıçrayış mərhələsinə yaxınlaşır

Bakı və Azərbaycan müxtəlif aspektlərdən baxıldıqda inkişafın çoxşaxəli nümunəsi kimi çıxış edir və ölkə ciddi iqtisadi sıçrayış mərhələsinə yaxınlaşır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan "İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş"də deyib.

Məhəmməd Süleyman Əl-Casir vurğulayıb ki, Bakı və ümumilikdə Azərbaycan haqqında deyilən müsbət fikirlər şəhərin "yaxşı ruhunun" da diqqətə gəlməsinə səbəb olur.

O qeyd edib ki, Bakı Avrasiyanın Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan strateji bir mərkəzdir və inkişafın təkbaşına mümkün olmadığını, bunun üçün qonşu ölkələrlə əlaqələrin vacibliyini nümayiş etdirir.

İİB sədri bir sıra ölkələrin, o cümlədən dənizə çıxışı olmayan və hətta ikiqat dənizə çıxışı olmayan dövlətlərin mövcudluğunu xatırladaraq, bu ölkələrin iqtisadi çağırışlara baxmayaraq alternativ inkişaf yolları tapdığını bildirib.

"Bakıya son səfərim zamanı Ələt Azad İqtisadi Zonasında oldum və orada hava limanının imşasını gördüm. Bu infrastruktur ölkənin ixrac və idxal imkanlarının genişləndirilməsinə xidmət edir. Bu cür layihələr dənizə çıxışı olmayan ölkələrin logistik çətinliklərini qismən kompensasiya etməyə imkan verir".

Əl-Casir əlavə edib ki, Bakı və Azərbaycan müxtəlif aspektlərdən baxıldıqda inkişafın çoxşaxəli nümunəsi kimi çıxış edir və ölkə ciddi iqtisadi sıçrayış mərhələsinə yaxınlaşır. O, Bakıdakı müasir inkişafın şəhərə gələn hər kəs tərəfindən asanlıqla müşahidə olunduğunu da vurğulayıb.