Qazaxıstan Prezidenti Azərbaycanın səfirinin etimadnaməsini qəbul edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əsgərovun etimadnaməsini qəbul edib.
Day.Az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, etimadnamələrin təqdim edilməsi mərasimi Astanadakı Müstəqillik Sarayında keçirilib.
Görüş zamanı dövlət başçısı Qazaxıstanın Azərbaycanla ikitərəfli münasibətləri daha da möhkəmləndirmək və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Kasım-Jomart Tokayev səfirə Qazaxıstanda həyata keçirilən siyasi və iqtisadi islahatlar, ölkənin iqtisadi potensialı və xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
"Biz ölkəmizə xarici investisiyaların cəlb edilməsi üçün maksimum əlverişli şərait yaradırıq. Təbii ki, Qazaxıstana gəlmək və burada fəaliyyət göstərmək istəyən bütün xarici sahibkarları, eləcə də iri şirkətləri alqışlayırıq. Bildiyiniz kimi, artıq demək olar ki, bütün iri beynəlxalq şirkətlər Qazaxıstan bazarında təmsil olunur. Əminəm ki, bu əsas siyasət davam etdiriləcək. Xarici investisiyalarla bağlı açıq qapı siyasətini qətiyyətlə və ardıcıl şəkildə davam etdirmək niyyətindəyik", - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Prezident Tokayev həmçinin Qazaxıstanın sülhsevər xarici siyasət kursuna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın inkişafına sadiqliyini vurğulayıb.
Mərasim zamanı Moldova, Vyetnam, Cənubi Koreya, Cənubi Afrika, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini təqdim ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре