Ən nüfuzlu parlament səsimizi eşitdi

Day.Az представляет новость на азербайджанском языке
Britaniya parlamenti Qərb ölkələri ilə yanaşı, bütün dünya miqyasında ən nüfuzlu siyasi strukturlardan biri sayılır. Və bu təşkilatın Azərbaycan həqiqətlərini etiraf etməsi, Xocalı soyqırımını faktiki olaraq tanımağa hazır olduğunu bəyan etməsi rəsmi Bakının olduqca ciddi diplomatik uğuru sayıla bilər.
Xocalı Soyqırımının 24-cü ildönümü çərçivəsində həyata keçirilmiş diplomatik səylər nəticəsində Böyük Britaniya Parlamentində ayrı-ayrılıqda "Early Day Motion" (EDM) adlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb.
Parlamentin Azərbaycan Qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülmüş təşəbbüsdə Xocalı soyqırımının 24-cü ildönümünü qeyd edən Azərbaycan xalqının kədərinə şərik olunduğu bildirilib, Böyük Britaniya hökumətinə Ermənistan və Azərbaycan arasındakı münaqişənin beynəlxalq təşkilatların qətnamələri, xüsusilə də BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində daha fəal rol oynamağa çağırış edilib. Həmçinin, Şotlandiya Millətçi Partiyasının parlamentdə təmsil olunan üzvü Petrik Qreydi tərəfindən Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar ayrıca qanunvericilik təşəbbüsü irəli sürülüb.
Təşəbbüsə partiya üzvləri başda olmaqla digər parlament üzvləri də qoşulub. Qanunvericilik təşəbbüsündə 26 fevral 2016-cı il tarixinin işğalçı Ermənistan qoşunları tərəfindən Azərbaycanın Xocalı şəhərinə qarşı hücumun 24-cü ildönümü olduğu bildirilib, hücum zamanı öldürülmüş 613 kişi, qadın və uşağın ailələrinin kədərinə şərik olunduğu qeyd edilib, Ermənistan qoşunlarının Azərbaycan ərazilərinin işğalına son qoymağa çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyinə diqqət çəkilib, son zamanlar Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatlıq ifadə olunub, Böyük Britaniya hökumətinə bu faciənin ildönümündən istifadə etməklə münaqişənin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində beynəlxalq səyləri artırmağa çağırış edilib.
Nəzərə almaq lazımdır ki, Böyük Britaniya Parlamenti dünya miqyasında özünəməxsus siyasi çəkiyə malikdir və Xocalı soyqırmının qanunverilik təşəbbüsü formasında Britaniya parlamentinin gündəminə gəlməsi Xocalı soyqırmının tanıdılması istiqamətində mühüm diplomatik qələbədir.
Şotlandiyadakı azərbaycanlı icması ilə birgə əlaqələndirilmiş şəkildə 1 mart tarixində Şotlandiya regional parlamentində də Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsü irəli sürülüb. Şotlandiya Millətçi Partiyasının millət vəkili Sandra Vayt (Sandra White) tərəfindən irəli sürülmüş təşəbbüsdə Xocalı soyqırımı zamanı həlak olanların ailələrinə başsağlığı verilmiş, Ermənistan qoşunlarına Azərbaycan ərazilərini işğalına son qoymağa çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyi qeyd edilmiş, son vaxtlar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahatlıq ifadə edilmiş və bu faciənin ildönümünə diqqət çəkməklə uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə davamlı həllinin tapılmasına yönəlmiş beynəlxalq səylərin artırılacağına dair ümid ifadə olunub.
Xocalı Soyqırımının 24-cü ildönümü çərçivəsində səfirliyin və Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin birgə təşkilatçılığı ilə 19 fevral tarixində Londonda yürüş-mitinq təşkil edilib, yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələr, ümumilikdə 100-ə qədər insan iştirak edib. Londonun mərkəzi Trafalqar meydanından başlayaraq, əsas dövlət idarələrinin yerləşdiyi Vaytholl küçəsindən keçməklə Parlament meydanında yekunlaşan yürüş bir neçə saat davam edib.
Əllərində Xocalı hadisələri zamanı ermənilər tərəfindən dinc sakinlərin amansız işgəncələrlə qətlə yetirilmələri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi barədə çağırışlar etmiş, "Xocalıya ədalət!", "Rədd olsun erməni terrorizmi!", "Biz ədalət tələb edirik", "Biz sülh istəyirik", "Sarkisyan terrorçudur", "Qarabağ bizimdir, bizim olacaq" şüarlarını səsləndiriblər.
Fevralın 23-də isə Böyük Britaniya Parlamentində "Endless Corridor" ("Sonsuz Dəhliz") filminin nümayişi təşkil edilib, tədbirdə Parlamentin Azərbaycan Qrupunun sədri B. Blekmen, Lordlar Palatasının üzvləri, parlament üzvlərinin köməkçiləri, Azərbaycan, Britaniya, Fransa və Türkiyə QHT-lərinin təmsilçiləri, ümumilikdə 100 nəfər iştirak edib. Tədbirdə B.Blekmen və sözügedən filmin müəllifi A.Brokas çıxış edib, səfir Tağızadə iştirakçıların suallarını cavablandırıb.
Fevralın 24-də Böyük Britaniya Parlamentində Azərbaycan Qrupunun sədri B. Blekmenin ev sahibliyi ilə "Xocalı Sülh Mükafatı"nın təqdimat mərasimi keçirilib. Tədbirdə parlamentin üzvləri, azərbaycanlı, türk icmasının üzvləri, müxtəlif QHT-lərin nümayəndələri və sənət aləmini təmsil edən şəxslər, ümumilikdə 80 nəfər iştirak edib. Tədbir ərzində Xocalı Soyqırımı ilə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
İki gün sonra, fevralın 26-da Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən "St.Pauls" (Müqəddəs Pol) kilsəsində Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə anım konserti təşkil edilib. "Xocalıya Ədalət" kampaniyası ilə birgə keçirilmiş tədbirdə "Deko" ansamblı və Londonda fəaliyyət göstərən azərbaycanlı musiqiçilər S. Rakçeyeva, N. Rəşidova, A. Salahova və G.Mirzəyevanın ifasında musiqi nümunələri səsləndirilib. Anım konsertində 200-ə qədər şəxs iştirak edib.
Xocalı Soyqırımı həftəsi ərəfəsində Böyük Britaniyanın Aberdin, Edinburq (26 fevral 2016-cı il), Şeffild (26 fevral 2016-cı il) şəhərlərindəki azərbaycanlı icması və xüsusilə azərbaycanlı tələbələrin təşəbbüsü ilə Səfirliklə əlaqələndirilmiş şəkildə anma və məlumatlandırma tədbirləri keçirilib. Tədbirlər zamanı ictimaiyyətin diqqətini bu faciəyə çəkmək məqsədilə Xocalı Soyqırımının mahiyyətini əks etdirən çoxsaylı təbliğat materialları paylanılıb.
Fevralın 27-də isə Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Kopenhagenin mərkəzi Radusplads meydanında təşkil edilmiş mərasimdə bu ölkədəki azərbaycanlı, türk, Şimali Kipr, İraqın türkmən, çərkəz və İran əsilli etnik azərbaycanlı icmalarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə "Vətən" cəmiyyətinin sədri S.Sadiqi açmış, Xocalıda törədilmiş insanlıq əleyhinə faciə haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra çıxış edən Türkiyənin Danimarkadakı səfiri M.Dönmez Azərbaycan xalqına başsağlığı bildirib, bu faciənin beynəlxalq ictimaiyyətə tanıdılmasında türk icmasının bundan sonra da Azərbaycan icmaları ilə birlikdə işləyəcəyini diqqətə çatdırıb. Anım mərasimində yerli ictimaiyyətin nümayəndələrinə faciə haqqında məlumat verilib və çoxsaylı məlumatlandırıcı kitabça və bukletlər paylanılıb.
... Sadalanan işlər bundan sonra da görüləsi prosesin mərhələləridir. Məqsəd erməni terrorçularının əməllərini dünyaya çatdırmaq, Ermənistanın yürütdüyü işğalçılıq və terror siyasətindən bütün ölkələri agah etmək, ən başlıcası isə Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasıdır.
Orxan Hun
Milli.Az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре