Naxçıvanda yüksək vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNAT
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Fərəməz oğlu Bağırov təyin olunub.
Day.Az xəbər verir ki, Hüseyn Bağırovu bu gün kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.
Təqdimatdan öncə Fuad Nəcəfli və Tahir Budaqov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Təqdimat zamanı Naxçıvanda statistika işinin aparılması və təşkili, təsərrüfatların qeydiyyatı, statistik hesabatların hazırlanması zamanı ötən illərdə buraxılan nöqsanlar diqqətə çatdırılıb.
Fuad Nəcəfli və Tahir Budaqov işlərin dövrün tələblərinə uyğun qurulması, fəaliyyətin yenidən və çevik formada təşkili barədə yeni rəhbərliyə öz tapşırıq və tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, Hüseyn Bağırov 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. O, bu təyinatadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində çalışıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре