Kanada yaşayan soydaşımız medalla təltif edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadanın Ontario vilayətinin Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənovanı qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-а verilən məlumata görə, komitə sədri soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib.

Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun özünəməxsus yeri olduğu vurğulanıb və diasporun gələcəkdə bu ölkədəki fəaliyyəti ilə bağlı tövsiyələr nəzərə çatdırılıb.

Lalin Həsənova fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. Kanadada yaşayan soydaşlarımızın bir araya gəlməsi, milli maraqlar uğrunda birgə fəaliyyət göstərməsi baxımından Azərbaycan Evinin böyük rol oynadığını söyləyib. O, evin nəzdində fəaliyyət göstərən "Mənim Azərbaycanım" həftəsonu məktəbində Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, dram, rəsm, rəqs, musiqi və xor, nağara, astronomiya, şahmat dərslərinin də tədris edildiyini diqqətə çatdırıb. O, həmçinin ilk dəfə olaraq "Mənim Azərbaycanım" həftəsonu məktəbində uşaqlar üçün yay düşərgəsinin də təşkil olunduğunu bildirib.

Lalin Həsənovaya diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı təqdim edilib.

Qeyd edək ki, 3 aprel 2023-cü il tarixində Kanadanın Ontario vilayətinin Toronto şəhərində rəsmi açılışı olan Azərbaycan Evində müxtəlif tədbirlər keçirilir. Onlarla Kanada rəsmisi Azərbaycan evinin qonağı olub və onlara xalqımızın qədim tarixi, zəngin mədəni irsi və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Evi ziyarət edən rəsmi şəxslər sırasında Kanada parlamentinin Nümayəndələr Palatasının üzvü Əli Sayrus Ehsassi, Uiloudeyl (Willowdale) Şəhər Şurasının üzvü Lili Çenq, Kanadanın Ontario Qanunvericilik Assambleyasının deputatı Sten Ço, Ontario vilayətinin Turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi, Ontario Liberal Partiyasının üzvü Andrea Hazell, Kanada parlamentinin üzvü Françesko Sorbara kimi tanınmış və nüfuzlu şəxslər vardır.