Əgər piyada bunu etsə
Azərbaycanda piyadaların təhlükəsizliyi və yol hərəkəti intizamının qorunması məqsədilə qanunvericilikdə ciddi inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, piyadaların törətdiyi qayda pozuntularına görə cərimələr xətanın növündən və potensial təhlükə riskindən asılı olaraq dəyişir.
 
Müvafiq qaydaları pozan piyadalar üçün minimum cərimə məbləği 20 manat təşkil etdiyi halda, qanunvericilikdə müəyyən edilmiş ən yüksək cərimə həddi 70 manata qədər yüksəlir. Bu cür pilləli cərimə sistemi həm piyadaların məsuliyyət hissini artırmağa, həm də yollarda baş verə biləcək bədbəxt hadisələrin qarşısını almağa xidmət edir.
Məcəllənin 338-ci maddəsinə əsasən, piyadalar üçün ən ağır cəza tədbiri olan 70 manatlıq cərimə onların yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozması zamanı tətbiq edilir. Alkoqol, narkotik vasitələr və ya digər güclü təsir edən maddələrin təsiri altında olan piyadalar öz hərəkətlərinə nəzarəti itirdikləri üçün yollarda ən böyük təhlükə mənbəyinə çevrilirlər.
 
Bundan əlavə, yüksək sürətli magistrallarda piyada intizamsızlığı da sərt cəzalandırılır. Sürət həddi saatda 80 kilometr və ya daha artıq olan yollarda piyadaların keçid üçün nəzərdə tutulmayan yerlərdən keçməsi 40 manat, digər adi yollarda qayda pozuntuları və ya svetoforun qırmızı işığında hərəkət etmək isə 20 manat cərimə ilə nəticələnir.
 
Nəsimi Ələsgərli