"Deepfake", kiberzorakılıq, manipulyasiya:

Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi, uşaqların isə getdikcə daha erkən yaşlardan rəqəmsal mühitə daxil olduğu bir dövrdə onların təhlükəsizliyinin təmin edilməsi dünyanın bir çox ölkəsində prioritet məsələlərdən biri kimi ön plana çıxır. Bu istiqamətdə Azərbaycanda da uşaqların sosial şəbəkələrin mümkün zərərli təsirlərindən qorunmasına yönəlmiş yeni qanunvericilik dəyişiklikləri təklif olunur. Bəs bu dəyişikliklərin əsas məqsədi nədir, hansı yaş qruplarını əhatə edir və uşaqların rəqəmsal mühitdə müdafiəsini necə gücləndirəcək?

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkələr uşaqlara məlumat əldə etmək, ünsiyyət qurmaq və yaradıcılıq imkanlarını genişləndirmək baxımından müəyyən üstünlüklər versə də, onların yaratdığı risklər kifayət qədər ciddidir.

Onun sözlərinə görə, əsas təhlükələr arasında kiberzorakılıq, şəxsi məlumatların oğurlanması, saxta xəbərlər, zərərli məzmun, sosial mühəndislik üsulları, onlayn dələduzluq və müxtəlif psixoloji təsirlər xüsusi yer tutur.

"Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə bu risklər daha mürəkkəb xarakter alıb. Məsələn, saxta görüntülər, "deepfake" texnologiyaları və fərdiləşdirilmiş manipulyasiya üsulları uşaqların təhlükəsizliyinə yeni təhdidlər yaradır. Bundan başqa, sosial şəbəkələrdən həddindən artıq istifadə diqqət pozğunluğu, yuxu problemləri və sosial təcrid kimi mənfi nəticələrə səbəb ola bilər", - deyə ekspert qeyd edib.

B.Əliyev hesab edir ki, 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi onların psixoloji sağlamlığının qorunması baxımından əsaslandırılmış addım sayıla bilər.

"Bu məsələ bir çox ölkələrdə müzakirə olunur və müəyyən yaş məhdudiyyətlərinin tətbiqi uşaqların psixoloji sağlamlığının qorunması baxımından əsaslandırılmış hesab edilə bilər. Yeniyetməlik dövründə şəxsiyyətin formalaşması prosesi davam etdiyindən, uşaqlar manipulyasiya və yanlış informasiya qarşısında daha həssas olurlar. Sosial şəbəkələrdəki daimi müqayisələr, populyarlıq yarışları və asılılıq yaradan mexanizmlər onların emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Bununla belə, yaş məhdudiyyəti təkbaşına problemi həll etmir. Əsas məqsəd uşaqları rəqəmsal mühitdən tam təcrid etmək deyil, onların təhlükəsiz və şüurlu istifadə bacarıqlarını inkişaf etdirməkdir", - deyə o bildirib.

 

Ekspertin sözlərinə görə, sosial şəbəkə platformalarında yaş yoxlamasının effektiv və etibarlı şəkildə həyata keçirilməsi üçün müxtəlif texnoloji həllər mövcuddur.

"Ən sadə və geniş yayılmış üsul istifadəçinin qeydiyyat zamanı doğum tarixini daxil etməsidir. Lakin bu metod etibarlı hesab edilmir, çünki istifadəçilər yaşlarını asanlıqla dəyişdirə bilirlər. Daha etibarlı həllərdən biri rəsmi sənədlər əsasında identifikasiya sistemləridir. Son illərdə süni intellekt və kompüter görməsi texnologiyalarına əsaslanan yaş təyini sistemləri də inkişaf edir. Bundan başqa, valideyn razılığı mexanizmləri və rəqəmsal şəxsiyyət (Digital ID) sistemləri yaşın təsdiqlənməsi üçün istifadə oluna bilər. Hazırda yüz faiz etibarlı və bütün problemləri həll edən vahid texnologiya mövcud deyil. Ən effektiv yanaşma müxtəlif texnoloji həllərin birlikdə tətbiq edilməsidir", - deyə B.Əliyev vurğulayıb.

Onun fikrincə, 16-18 yaş arası yeniyetmələrin sosial şəbəkələrdən valideyn razılığı ilə istifadəsi müəyyən mənada balanslaşdırılmış yanaşmadır.

"Bu yaş qrupundakı yeniyetmələr artıq rəqəmsal aləmin fəal iştirakçılarıdır və onları sosial şəbəkələrdən tamamilə uzaqlaşdırmaq həm praktik, həm də sosial baxımdan çətin görünür. Valideyn razılığı sistemi ailənin prosesə cəlb olunmasına imkan yaradır və uşaqların rəqəmsal davranışlarına nəzarəti gücləndirir. Lakin praktiki baxımdan bunun effektivliyi valideynlərin rəqəmsal savadlılıq səviyyəsindən və platformaların təqdim etdiyi texniki imkanlardan asılı olacaq. Buna görə də yalnız texniki məhdudiyyətlər deyil, maarifləndirmə tədbirləri də vacibdir", - deyə o əlavə edib.

B.Əliyev qeyd edib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması dövlət, valideynlər və sosial media platformalarının ortaq məsuliyyətinə əsaslanmalıdır.

"Uşaqların rəqəmsal təhlükəsizliyi ortaq məsuliyyət prinsipinə əsaslanmalıdır. Dövlət qanunvericilik bazasını formalaşdırmalı, uşaqların hüquqlarını qoruyan mexanizmlər yaratmalı və rəqəmsal savadlılığın artırılması istiqamətində proqramlar həyata keçirməlidir. Sosial media platformaları yaşa uyğun məzmun filtrləri, valideyn nəzarəti alətləri və etibarlı yaş yoxlama mexanizmləri təqdim etməlidir. Valideynlər isə uşaqların internet fəaliyyətinə nəzarət etməli, onlarla açıq dialoq qurmalı və təhlükəsiz davranış qaydalarını izah etməlidirlər. Yalnız bu üç tərəfin koordinasiyalı fəaliyyəti nəticəsində uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq mümkündür. Məhdudiyyətlərdən daha çox rəqəmsal mədəniyyətin və təhlükəsizlik vərdişlərinin formalaşdırılması uzunmüddətli perspektivdə daha səmərəli nəticələr verə bilər", - deyə ekspert bildirib.