Mikayıl Abdullayevin sənət dünyası “Uzaq yolların işığı”nda - FOTO
"Gazelli Art House Baku" qalereyasında XX əsr Azərbaycan təsviri sənətinin görkəmli və sayılıb-seçilən nümayəndələrindən biri, Xalq Rəssamı, akademik Mikayıl Abdullayevin yaradıcılığına həsr edilmiş "Uzaq yolların işığı" adlı sərgi açılıb.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, ilk dəfə ictimaiyyətə nümayiş etdirilən işlərlə yanaşı, əllidən çox rəsm əsərlərini və kağız üzərində qrafik işləri bir araya gətirən bu sərgi layihəsi Mikayıl Abdullayevin zəngin bədii irsinə yenidən tanış olmaq üçün unikal bir imkan yaradır.
Çox az rəssam tapılar ki, bir xalqın öz kimliyini necə görməsinə Mikayıl Abdullayev qədər dərindən təsir edə bilsin. Sovet dövrünün onilliklərini də əhatə edən bir zaman kəsiyində, yarım əsr boyunca, o, Azərbaycanın vizual kimliyinin formalaşmasında həlledici rol oynayıb. Üfüqə doğru açılan şumlu tarlaları, Abşeronun quru və şəffaf işığı, eləcə də bu mənzərələrin içində yaşayan əkinçilər, su daşıyanlar və analar onun yaradıcılığında ölkənin ən tanınan obrazlarına çevrilib. Bunlar sadəcə "arxa fon" yox, bütöv nəsillərin öz doğma torpaqlarını tanıdığı və qəbul etdiyi obrazlardır. Bu vizual dil illərlə o qədər yaddaşlara hopub və doğmalaşıb ki, bu gün artıq sonradan yaradılmış yox, həmişə mövcud olmuş bir həqiqət kimi görünür.
Azərbaycanın əsrarəngiz təbiətinin ruhunu, zəhmətkeş insanlarını və mədəni həyatını tərənnüm edən əsərləri ilə şan-şöhrət qazanmış Mikayıl Abdullayev, sovet dönəmində ölkənin vizual dilinin formalaşmasında həlledici rol oynayıb. Onun əsərləri vətənə ən səmimi və dərin bağlılığı ilə seçilir, Azərbaycanın heyrətamiz gözəlliklərini gündəlik həyatın, əməyin və ənənələrin ən səmimi səhnələri ilə birləşdirir. Hər bir əsər lirik bir ruhla milli kimliyin qürurunu harmoniyaya salır, zamanın sərhədlərini aşaraq hər yeni nəslin qəlbini oxşayır, ovsunlayır, nəsildən-nəsilə, ürəkdən-ürəyə süzülərək yaşayır.
Lakin bu Vətən obrazı yolların üzərində, uzaq səyahətlərin ocağında yoğrulmuşdu. Moskvada, Sergey Gerasimovun emalatxasında sənətin sirləri öyrənən rəssam dünyanı gəzib-dolaşmağa başladı. Otuz il ərzində, dəfələrlə Hindistana qayıtdı, İtaliya, Vyetnam və Krıma səyahətlər etdi. Bu səfərlər ərzində onun kağız üzərində çevikliklə yaratdığı işıqlı əsərlər, bu uzaq məsafələrin onun baxış bucağının daha kəskin, daha dərin etməsini bir daha göstərir. Onun xarici ölkələrdə tapdığı işıq, onun öz doğma yurduna yönəltdiyi işıq ilə eyni idi. "Uzaq yolların işığı" adı da məhz bu qarşılıqlı əlaqəni vurğulayır: geniş dünya və doğma Vətən eyni diqqət, eyni baxış, eyni sarsılmaz sevgi ilə rənglənirdi.
Uzun illərin həsrətindən sonra rəssamın Bakıda təşkil olunan ilk fərdi sərgisi, nadir rast gəlinən əsərlərin əhəmiyyətli bir qismini bir araya gətirərək, Azərbaycanın incəsənət tarixində öz mərkəzi mövqeyini qoruyub saxlayan Mikayıl Abdullayevin möhtəşəm irsinə yeni nəfəs və dərin bir baxış edir.
Qeyd edək ki, sərginin təşkil olunması rəssamın oğlu Cami Abdullayevin təşəbbüsü ilə baş tutub və əsərlər şəxsi ailə kolleksiyasından seçilib. Burada nümayiş olunan işlərin çoxu ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim edilir.
Sərgi iyulun 31-dək ziyarətçilər üçün açıq olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре