Niyazi adına Dövlət Simfonik Orkestri Ağcabədidə konsert proqramı ilə çıxış edib - FOTO
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin növbəti qastrol konserti Ağcabədi rayon Mədəniyyət Mərkəzində olub. Konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən, ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə orkestr tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Konsert proqramında Üzeyir Hacıbəylinin "Arazbarı", Aqşin Əlizadənin "Cəngi", Arif Məlikovun "Komdenin arzuları", Vasif Adıgözəlovun "Prelüd №1", "Qərənfil" və "Lay-lay", Həsən Rzayevin "Çahargah" rapsodiyası, Qara Qarayevin "Yeddi gözəl" baletindən "Aişənin rəqsi" və "İldırımlı yollarda" baletindən "Ehtiraslı qızın rəqsi", Asəf Zeynallının "Muğamsayağı", Süleyman Ələsgərovun "Rapsodiya", Fikrət Əmirovun "Məhəbbət rəqsi", "Min bir gecə" baletindən fraqment, "Kor ərəbin mahnısı", Hacı Xanməmmədovun "Kamança və orkestr üçün konsert"indən II hissə, Frits Kreyslerin "Çin tamburini", Astor Piatsollanın "Oblivion" əsərləri təqdim olunub. Sonda tamaşaçılar Vasif Adıgözəlovun möhtəşəm "Qarabağ şikəstəsi" oratoriyasını dinləyiblər.
Xatırladaq ki, aparıcı bədii kollektivlərin qastrol proqramı "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре