Bilgəhdə ölümlə nəticələnən hadisə ilə bağlı

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, aparılan geniş maarifləndirmə tədbirlərinə və dəfələrlə edilən çağırışlara baxmayaraq, bəzi şəxslərin təhlükəsizlik tələblərinə laqeyd yanaşması faciəvi halların baş verməsinə səbəb olur.

Bildirilib ki, paytaxtın Sabunçu rayonu ərazisində, Bilgəh qəsəbəsində yerləşən və "Daçnik" adı ilə tanınan nəzarətsiz sahədə küləkli hava şəraitində qeydə alınan son boğulma hadisəsi təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha gündəmə gətirib.

FHN vətəndaşları yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, küləkli hava şəraitində dənizə daxil olmamağa və xilasedicilərin göstərişlərinə ciddi şəkildə riayət etməyə çağırıb.

Nazirlik vurğulayıb ki, sadə təhlükəsizlik qaydalarına əməl olunması insan həyatının qorunmasında mühüm rol oynayır. Buna görə də çimərlik mövsümündə diqqətli olmaq və riskli davranışlardan çəkinmək vacibdir.