Azərbaycanlı aktrisa: "Mənim uşaqlığım hələ başa çatmayıb"

Day.Az представляет новость на азербайджанском языке.


Dostum Hüsniyyə Mürvətova ilə oturub söhbətləşmək, kövrək bir xanımın uşaqlıq xatirələrini dinləmək, yəqin ki, çox maraqlı və kaloritli olardı. Xeyli vaxtdır ki, bu gözəl və məlahətli aktrisa ilə dostam. Hüsniyyə xanımın olduqca dolğun, zəngin daxili aləmi olduğunu bilirəm. Təəssüf ki, havaların tez-tez dəyişməsi üzündən xəstələndim və bu söhbət virtual olaraq baş tutdu. Tez-tez çəkiliş meydançalarında, məşqlərdə olan dostuma öz qripimi yoluxdurmaq insafsızlıq olardı. İnternetin imkanları bizim virtual olaraq söhbətləşməyimizə imkan yaratdığı üçün layihəmizi gerçəkləşdirə bildim.

Etiraf edim ki, real həyatda olduğu kimi, Hüsniyyə xanım virtualda da, müsbət enerji ötürməyi bacardı. Söhbət edə-edə hiss elədim ki, payızın günəşli havasından daha çox, Hüsniyyə xanımın isti xatirələri canımı isidir.

Düzdür, virtualda ünsiyyət o qədər də emosional alınmır. Amma...

Amma müsahibin yaradıcı və kövrək adamdırsa, onunla söhbət elə virtualda da təsirli və kövrək notlara bürünür.

Əvvəlcə, ona layihə haqqında qısaca məlumat verdim, sonra isə əvvəlki qonaqlarımın danışdığı xatirələri oxumaq üçün ona göndərdim. Qısa müddətdən sonra, ondan cavab gəldi: "Danışaq!"
Deyəsən, uşaqlığından danışmağa onu razı sala bilmişdim....

Beləliklə, müsahibim Bakı Bələdiyyə Teatrının aktrisası, respublikanın əməkdar artisti Hüsniyyə Mürvətovadır.

Sözə baxmayan uşaq...

Bu gün çoxlarının sevimlisi olan, 1971-ci il iyun ayının 1-də Siyəzəndə dünyaya göz açan Hüsniyyə xanım uşaqlıqda çox dəcəl olub:

"Ailəmiz Sumqayıtda yaşasa da, anam bizi Siyəzəndə dünyaya gətirib. Uşaq vaxtı olduqca dəcəl, sözə baxmayan uşaq olmuşam. Amma bütün dəcəl uşaqlar kimi, özüməməxsus şirinliyim olub. Deyilənə görə, körpə vaxtı çox ağlağan olmuşam. Ağlayanda məni kiritmək, sakitləşdirmək çox çətin olub. Doğulanda adımı Maya qoymaq istəyiblər. Amma ağlağanlığıma, gecələr çox ağlayıb narahat olduğuma görə nənəm mollaya Quran açdırıb və molla deyib ki, Maya adı bu körpəyə düşmür, gərək adını dəyişəsiniz. Sonra adımı Qurandan götürüblər. Hüsniyyə adı nənəmin Quran açdırdığı mollanın tapıntısıdır".

"...böyükləri əsəbiləşdirirdim"

Uşaqlığı ilə bağlı danışdıqca Hüsniyyə xanım digər həmsöhbətlərimdən fərqli olaraq, kədərli yox, xoş ovqat ötürməyə çalışır. Bunu virtualda belə hiss eləmək mümkündür. Çünki gülüş işarələri o qədər çox gəlir ki, istər-istəməz mənim də dodağım qaçır. Məsələn, uşaq vaxtı yanmağı haqqında yazanda göndərdiyi gülüş işarələri məndə xeyli pozitiv enerji yaradır:

"O qədər dəcəl idim ki, heç kəsin sözünə baxmırdım. Nə deyirdilərsə, onun əksini edir, böyükləri əsəbləşdirirdim. Məsələn, anam nəyə icazə vermirdisə, onun əksini etməyə çalışırdım. Hələ beş yaşım olanda inadkar və tərs idim. Anam deyirdi ki, qazın, ocağın üstündə olan yeməyə əl vurmaq olmaz. Mən isə tərsliyimə salıb ocağın üstündə olan qaynar yeməyi qarışdırırdım. Nə qədər eləmə desələr də, inadkarlığımdan qalmırdım. Bir dəfə yenə qazın üstündəki yeməyi qarışdıranda qazan üstümə aşdı və məni yandırdı. (Söhbətin bu yerində həmsöhbətim çoxlu gülüş işarələri göndərir)"

"...oxumaqdan zəhləm gedirdi"

Onun uşaqlığı Sumqayıtda və Siyəzəndə keçib. Elə, bəlkə də, bu səbəbdən bir neçə məktəbdə oxuyub və məktəb illəri qarışıq keçib:

"Uşaq vaxtı çox gonbul uşaq olmuşam (Sözün düzü, indi incə cizgiləri ilə insanı valeh edən bu xanımı gonbul təsəvvürü etmək çətindir). Bütün gonbul uşaqlar kimi məni də çox sevib əzizləyiblər. Gah Sumqayıtda evimizdə, gah da Siyəzəndə babamgildə qalırdım. Ona görə də məktəbə gah Sumqayıtda gedirdim, gah da Siyəzəndə. Tez-tez məktəb dəyişdiyim üçün məktəblə bağlı xatirələrim çox qarmaqarışıqdır. Desəm ki, məktəbə, oxumağa güclü marağım olub, yalan olar. Məktəbə getməkdən, oxumaqdan zəhləm gedirdi. Eyni zamanda, kitab oxumaqdan da xoşum gəlmirdi. Xoşum gəlməsə də, oxumaq üçün ailəm basqı göstərirdi və məcburən oxuyurdum. Ancaq ədəbiyyatı və ingilis dilini çox sevirdim. Təəssüf ki, tez-tez məktəb dəyişdiyimdən ingilis dilindən geri qaldım. Əgər ingilis dilini sona qədər yaxşı oxusaydım, hökmən tərcüməçi olardım".

"Atamdan qorxurdum..."

Hüsniyyə xanım uşaqlığından, etdiyi dəcəlliklərdən həvəslə söz açır. Uşaqlığını maraqlı keçirdiyini, uşaqlıqla bağlı xatirələrin ona xoş ovqat bəxş etdiyini dönə-dönə vurğulayır. Valideynlərinin ciddiyyəti, baba evindəki macəralı günlər, bir-birindən şirin xatirələr çözüldükcə çözülür. Sən demə, sevilən sənətçimiz uşaqlığında atasından çox qorxurmuş. Valideynlərinin ciddiyyəti onun çox dəcəllik etməsinin qarşısını alır və oxumağa yönəldir:

"Valideynlərim çox ciddi və tələbkar idi. Onların sözündən çıxmaq, sözlərini çevirmək qeyri-mümkün idi. Atamdan elə qorxurdum ki, bu xof hələ də canımda var. Uşaqlıqda konki sürməyi və mahnı oxumağı çox sevirdim. Bütün əyləncələrim, oyunlarım rəfiqəmlə birlikdə olurdu. İndi o da aktrisadır. Birlikdə maraqlı əyləncələrimiz olurdu. İndi də o əyləncələri xatırlayanda, müsbət enerjili və xoşbəxt oluram. Çünki uşaqlıq illərim çox dolğun və maraqlı keçib".

İndi sənət aləmində kifayət qədər tanınan və sevilən həmsöhbətimdə uşaqlıqdan fitri istedadın parıltıları olub. Bu istedadını məktəb illərindəhər zaman realizə və inkişaf etdirirmiş:

"Qəribədir ki, uşaqlıqdan yaxşı şeir demək istedadım olub. Sinifdə hamıdan yaxşı şeir deyən mən idim. Ədəbiyyat dərsini digər dərslərdən daha çox sevirdim. Bəlkə də, bu, gözəl şeir deməyimlə bağlı idi. O vaxtdan ədəbiyyat mənim ən sevdiyim sahədir".

Partanın altında oturan utancaq qız

Onun şeirə, ədəbiyyata olan sevgisi bu gün də qalır. Şəxsən mən bu sevginin şahidiyəm. Hüsniyyə xanım sevdiyi şeirləri müəllifini tanımasa belə, peşəkar səviyyədə səsləndirir. Elə iki il öncə bizim tanışlığımız da belə baş tutub. O, mənim bir neçə şeirimi səsləndirib, sonra isə həmin şeirlərin yer aldığı kitabın təqdimatında tanış olmuşuq. Daha sonra isə növbəti kitabımın təqdimatında qonaqlar üçün bir şeiri duet şəklində səsləndirmişik. Digər ifalarını dinlədikcə, daha çox əmin olmuşam onun ədəbiyyata və şeirə olan sevgisinə...

Maraqlı uşaqlıq xatirələrindən biri də ədəbiyyat müəllimi ilə bağlıdır:

"Bizə ədəbiyyat dərsini məktəbin direktoru tədris edirdi. Çox zəhmli olduğu üçün uşaqlar ondan çəkinirdilər. Biz isə tənəffüslərdə qızlarla yığışıb sinif otağında rəqs edirdik. Rəfiqəmin də, mənim də ən maraqlı məşğuliyyətim bu idi. Bir gün həvəslə sinif otağında rəqs edirdik. Bir də hiss elədim ki, məndən başqa hamı dayanıb, amma mən rəqs edirəm. Çevrilib arxaya baxanda gördüm ki, direktorumuz sakitcə dayanıb gülə-gülə mənə baxır. Direktorumuz məni danlamasa da, mən utandığımdan bütün dərsi partanın altında oturdum. Dəcəl olsam da, çox utancaq idim. Bu cür dəcəlliklərim çox olub. Rəfiqəmlə mən sinfin ən dəcəl şagirdləri idik. Xüsusən də, mən.

"Anamın şəklinə baxıb ağlayırdım"

Ailəsi Sumqayıtda yaşasa da, o, uşaqlığının əsas hissəsini Siyəzəndə babasıgilin yanında keçirib. Babasıgildə onunla nə qədər xoş davransalar da, içində hər zaman ev həsrəti, ata-ana nisgili olub bütün uşaqlar kimi. Babasının sevimlisi olsa da, çox darıxırmış evləri üçün:

"Babamgildə məni çox sevirdilər. Heç kəs mənim xətrimə dəymirdi. Ancaq hərdən olurdu ki, hansısa xırda bir hərəkət xətrimə dəyirdi və evə qaçıb anamın şəklinə baxıb ağlayırdım. Bu xatirə mənim yadımdan heç vaxt çıxmır. Əslində isə heç kəs məni incitmir, xətrimə dəymirdi."

"Uşaqlığım bitməyib..."

Üzünü görməsəm də, hiss edirəm ki, söhbətin bu yerində özü də qəhərlənib. Xatirələri çözələndikcə, söhbətimiz uzanır. Uşaqlığını maraqlı, dolğun yaşayan insanların xatirələri heç vaxt bitmir. Amma uşaqlığı göz dolusu yaşamaq da hər insana nəsib olmur...

Bəlkə də, uşaqlıq xatirələrinin həzinliyi, gərgin və ya xoş enerjisi onu necə xatırlamaqla bağlıdır... Bilmirəm... Bildiyim bir şey var ki, Hüsniyyə xanımın uşaqlığı olduqca maraqlı keçib. Danışdığı xoş xatirələr, xatırladığı əhvalatlar bunları düşünməyə rəvac verir. Onun xatirələrini oxuduqca hiss edirdim ki, o məsum, kövrək, dəcəl uşaqlıq hələ də bitməyib. Elə özü də bunu etiraf edir: "Mənim uşaqlığım hələ başa çatmayıb. Mən hələ də uşağam. Yəqin ki, xatirələrimdə qoruduğum o uşaq heç vaxt böyüməyəcək".

Hüsniyyə xanımın xoş xatirələrlə dolu uşaqlığı məni bir anlıq uzaqlara, Siyəzənin 80-ci illərinə aparır. Görmədiyim yerlər, yaşamadığım illər canlanır gözümün qarşısında. Balaca, totuq bir qız uşağı anasının israrına baxmayaraq, ocağın üstündəki yeməyi qarışdırır, sovet məktəblisi geyimində şıltaq və şən bir qız sinif otağında rəqs edir, hamıdan birinci əlini yuxarı qaldıran qızcığazı müəllimşeir demək üçün lövhənin qarşısına çıxarır...

Nədənsə, dostumun şıltaq, dəcəl uşaqlığı gözlərimin önündə canlanır...Görmədiyim yerlərin, yaşamadığım şəhərlərin, şahidi olmadığım xatirələrin nostalgiyası məni bürüyür...Sinif otağında, saçlarına bağlanmış ağ bantla oynayan, utancaqlığından yanaqları qızarmış bir qızcığaz partanın altından mənə sarı boylanır...

O illərdən boylanan toppuş, dəcəl, suyuşirin, utancaq, oxumağı sevməyən qızcığaz respublikanın əməkdar artisti, sevilən sənətçimiz Hüsniyyə Mürvətovadır...