Şəhidlərimizin intiqamı alınmalıdır

Day.Az представляет новость на азербайджанском языке

"Haqqın bərpası və sülhün təmin olunması üçün bəzən savaş qaçılmazdır".

Fevralın 26-sı Xocalı soyqırımının ildönümü ilə əlaqədər digər məscidlərdə olduğu kimi Məşədi Dadaş məscidində də anım mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, axşam namazlarından sonra başlayan tədbirdə məscidin imamı, ilahiyyatçı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Xocalı faciəsi haqda çıxış edib.

İlahiyyatçının sözlərinə görə, Azərbaycan tarixinin son 200 ilində xalqımız ermənilər tərəfindən dəfələrlə təcavüzə məruz qalıb. Lakin Xocalıda törədilən soyqırım miqyasına və amansızlığına görə xüsusilə seçilir: "Böyük bir dövlətin ordusunun dəstəyi ilə ermənilər bütöv bir şəhərin əhalisini qətlə yetirib. Xocalıda şəhidlik zirvəsinə ucalanlarla yanaşı, itkin düşənlər də oldu".

Xocalı hadisəsi haqda geniş məlumat verən ilahiyyatçı bildirib ki, bu faciənin acısını hər birimiz hiss etməliyik: "Bu hadisələr gərək yad olunsun. Xüsusliə inanclılar milli matəm və bayramları böyük izdihamla qeyd etməlidirlər. İnsan ruhən böyüdükcə, onun əhəmiyyət verdiyi və qeyd etdiyi hadisələr də ruhuna mütənasib böyüyür. Xocalı bir millətin faciəsidir, bu faciəyə böyük qəlbli insanlar yana bilər".

"Xocalı soyqırımının qeyd olunması iman və mənəviyyat borcudur", - deyən Hacı Şahin Həsənli həmin hadisənin şahidləri ilə tez-tez ünsiyyətdə olduğunu bildirib: "İcmamız iki xocalılı ailəyə yardım edir. Onlarla görüşürük və xatirələrini dinlədikdə ürəyimiz qanla dolur. Bu faciə olsa da, bir qəhrəmanlıq salnaməsidir. Böyük nailiyyətlər əldə edən xalqlar öz hədəflərinə çatmaq üçün qurban verirlər. Burada yığışmaqla biz qəhrəmanlıq ruhiyyəsini yaşadırıq".

İlahiyyatçının sözlərinə görə, bir ara bəziləri gənclərimizin vətənpərvərlik ruhiyyəsinin aşağı olmasından giley edirdi, lakin aprel döyüşlərində gənclərimiz bunun əksini sübut etdi: "Mən şəhidlərin dəfnində iştirak edirdim və xalqımızın Qarabağı azad etmək əzmində olduğunu görürdüm. Qarabağın azadlığı bir millət olaraq başlıca vəzifəmizdir. Şəhidlərimizin intiqamı alınmalıdır". Heç bir dinin zorakılığıa çağırmadığını söyləyən Hacı Şahin Həsənli qeyd edib ki, haqqın bərpası və davamlı sülhün təmin olunması üçün bəzən savaş qaçılmazdır.

Qurani-Kərimin "Mümtəhinə" surəsində buyurulur: "Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır".

Habelə hədislərdə buyurulur: "Din yalnız sevgi və nifrətdir".

Hacı Şahin Həsənlinin fikrincə, bu müqəddəs kəlamlar onu göstərir ki, insan xalqını sevirsə, ona təcavüz edənlərə qarşı vuruşar. Bu baxımdan savaş yalnız xalqına, insanlığa məhəbbətdən yaranmalıdır.

Xalqımızın torpaqlarını qaytarmaq əzmində olduğunu bildirən ilahiyyatçı ordumuzun gücləndiyini və inkişaf etdiyini deyib: "Bununla yanaşı ruh yüksəkliyi də mühümdür ki, dinimizin də bu işdə böyük önəmi var. Biz haqqa tərəfik. Allaha şükür olsun ki, heç zaman başqa millətlərə haqsızlıq etməmişik. Allaha söykənib, şəhidlik ruhiyyəsini yaşadıb torpaqlarımızı qaytaracayıq".

Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işləri mühüm və təqdirəlayiq iş adlandıran ilahiyyatçı qeyd edib ki, dövlət qurumları ilə yanaşı ictimai qurumlar da bu sahədə fəal olmalıdır: "Amma unutmamalıyıq ki, beynəlxalq qurumlardan gözləntilər bəzən əbəsdir. BMT-nin kağız üzərində qalan qətnamələri bunun bariz nümunəsidir. Görsənən budur ki, dünyada güclülər öz qaydalarını diktə edir".

Daha sonra tanınmış Quran qarisi Hacı Kamal Məmmədov soyqırım qurbanlarının ruhuna Müqəddəs Kitabdan surələr oxuyub. Mərasim şəhidlərimiz üçün ehsan süfrəsilə başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.