Yeni evlənən İlqar Xəyal ailəsindən danışdı

"İkinci dəfə ailə qurmuşam, amma birinci ailəmlə sıx təmasdayıq. Bir-birimizi sevir, çox hörmət bəsləyirik. Müəyyən problemlərimiz oldu, bizdən asılı olmayan səbəblərə görə ayrılmaq məcburiyyətində qaldıq. Amma iki-üç gündən bir danışır, ünsiyyətdə oluruq. Bir-birimizi "Səni sevirəm" sözü ilə mükafatlandırırıq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Karvan" qrupunun keçmiş solisti, müğənni İlqar Xəyal "Gün ortası" proqramında qonaq olarkən deyib. O, artıq ikinci dəfə ailə qurduğunu, lakin hələ də birinci xanımını sevdiyini etiraf edib:

"Hazırda ailə qurduğum xanım da bilir ki, biz bir-birimizə hörmət edirik. Övladlarımızla əlaqədar söhbətlərimizə müdaxilə etmir. İnsandan ayrılmaq olar, amma bu o demək deyil ki, bir-birimizi əbədi tərk edirik. Hər zaman birlikdə övladlarımız üçün valideyn olacağıq. Mənə elə gəlir ki, ömrümüzün sonuna qədər bir-birimizə dərin məhəbbətlə yanaşacağıq.

Övladlarımın anasını çox sevirəm, baxmayaraq ki, bir-birimizdən ayrılmışıq. Hazırda yaşadığım xanıma da dərin məhəbbətlə yanaşıram. Onun bütün kaprizlərinə dözür, istəklərini həyata keçirirəm. Bizim maliyyə, psixoloji problemlərimiz oldu. Çünki keçmiş həyat yoldaşımın valideynləri dünyasını dəyişdi, uzun müddət depressiyada oldu. 

İnsanlar danışırdılar ki, mən ailəmi qoyub getmişəm. Halbuki o məndən istədi ki, müvəqqəti ayrılaq, bu isə üç-dörd il davam etdi. Gördüm, böyük bir depressiyaya düşmüşük, buna görə hansısa addımı atmaq lazımdır. Mən ikinci dəfə ailə qurdum. Sonra anladım ki, bir-birimizdən ayrılmaq çox çətindir. Ola bilsin, heç vaxt birlikdə olmayacağıq. Amma niyə də bir-birimizə qarşı hörmət etməyək, övladlarımız var".

Qeyd edək ki, İlqar Xəyal birinci xanımı, bir vaxtlar pərəstişkarı olan Sevildən 2019-cu ildə boşanıb. Onun bu nikahdan üç oğlan övladı var.