Donald Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verə bilər

Donald Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verə bilər.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"ABŞ-də prezident seçkilərində Donald Trampın qalib gələcəyi gözlənilən idi. Çünki bu ölkənin xalqı Demokratlar Partiyasının rəhbərliyi altında reallaşdırılan siyasətdən çox yorulmuşdu. Belə ki, son dövrlər ABŞ çox aqressiv xarici siyasət həyata keçirərək, digər dövlətlərin daxili işlərinə müdaxilə edirdi.

Donald Trampı seçərək, bu ölkənin xalqı Birləşmiş Ştatlardan kənardakı deyil, məhz ölkə daxilindəki problemlərin həllinə ümid edir. Bayden administrasiyası dövründə ABŞ-nin xarici siyasəti geniş şəkildə müzakirə mövzusu idi, çünki amerikalılar ölkənin digər dövlətlərin işinə həddindən artıq müdaxilə etdiyini düşünürdü. Buraya Ukraynaya dəstək, Çinlə rəqabət, Yaxın Şərqdə davamlı mövcudluq və hətta Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləni də aid etmək olar.

Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirdiyi kimi, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olub:

"Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi". Bu səbəbdən də gözləmək olar ki, Donald Trampın prezidentliyi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına yeni təkan verəcək", - deyə A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərin nəticələrinin bəlli olmasından dərhal sonra Donald Trampı təbrik etməsi də xüsusi önəm kəsb edir.

"Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Donald Tramp birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırıb. Prezident İlham Əliyev, həmçinin, Donald Trampın yeni prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərin daha da möhkəmlənəcəyinə inandığını qeyd edib", - deyə A.Qarayev bildirib.

A.Qarayev əlavə edib ki, Donald Trampın daha öncə bizneslə məşğul olduğu, öncəki prezidentlik dövründə iqtisadi məsələlərə xüsusi diqqət ayırdığı da nəzərə alınarsa, onun administrasiyasının Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığı artırmaq üçün açıq olacağını gözləmək olar.

"Bu, ABŞ şirkətlərinin Azərbaycan bazarında daha aktiv iştirakını təmin edə, texnologiya və infrastruktura dair ortaq layihələrin inkişafına yol aça bilər. Yəni daha öncəki administrasiyasının müharibələr, aqressiv xarici siyasət və digər dövlətlərin, o cümlədən, Azərbaycanın daxili işlərinə qarışmaqla məşğul olduğunu qeyd etsək, Donald Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan diqqətlərini inkişafa, yeni layihələrin icrasına, iqtisadi irəliləyişə və hər iki ölkənin tərəqqisinə yönəldə bilərlər", - A.Qarayev əlavə edib.