Maşınınızın bu detalı sökülübsə, bunu bilməlisiniz - Mütəxəssis danışdı
Xaricdən avtomobil alındıqda onun katalizatorunun söküldüyü ilə bağlı iddialar hər zaman gündəmdə olub. Bəs bunun maşına nə kimi zərərləri var?
Day.Az-a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi "texnika üzrə fəlsəfə doktoru" Bulud Bağırov deyib ki, katalizatorun sökülməsi təkcə avtomobilin ekologiyasına deyil, bəzi hallarda mühərrikin işləməsinə və insan sağlamlığına da təsir edə bilər.
O, qeyd edib ki, katalizator eqzoz qazındakı zərərli maddələri - əsasən karbonmonoksidi (CO), yanmamış karbohidrogenləri (HC) və azot oksidlərini (NOx) - daha az zərərli birləşmələrə çevirmək üçün nəzərdə tutulub.
"Katalizator olmadıqda isə, havaya zərərli qazların emissiyası kəskin artır. Xüsusilə CO, HC və bəzi mühərriklərdə NOx miqdarı yüksəlir və qapalı və ya zəif havalandırılan yerdə təhlükə artır. Karbonmonoksid rəngsiz və qoxusuz zəhərli qazdır. Egzoz sistemində problem olan avtomobili qarajda və ya qapalı məkanda işlətmək xüsusilə təhlükəlidir", - o deyib.
B.Bağırov bildirib ki, katalizator olmayan avtomobillərdə eqzoz qoxusu və tüstüsü daha kəskin hiss oluna bilər.
"Həmçinin mühərrik idarəetmə sistemi xəta verə bilər. Katalizatordan sonrakı lambda (O₂) sensoru varsa, ECU katalizatorun effektivliyinin aşağı olduğunu müəyyən edib Check Engine yandıra bilər. Yanacaq sərfiyyatı və mühərrikin davranışı dəyişə bilər, amma bu, avtomobildən və katalizatorun necə çıxarılmasından asılıdır. "Katalizatoru çıxaranda maşın mütləq daha yaxşı gedir və az yanacaq yandırır" fikri ümumi qayda deyil. Avtomobilin texniki baxış/emissiya tələblərinə uyğunluğu da problemə çevrilə bilər", - o vurğulayıb.
O, əlavə edib ki, vacib məqamlardan biri də katalizatorun oğurlanması ilə onun sıradan çıxmasının eyni şey olmamasıdır.
"Bəzən katalizatorun içindəki qiymətli metallar dəyərinə görə satılır, lakin onu sadəcə boru ilə əvəz etmək avtomobilin nəzərdə tutulmuş emissiya sistemini aradan qaldırır", - o yekunlaşdırıb
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре