https://news.day.az/azerinews/1862289.html Enerji pasportu mənzil qiymətlərinə necə təsir edəcək? - Detallar açıqlandı Enerji pasportu, binanın enerji effektivliyi sinfini, onun istilik mühafizəsini və illik enerji istehlakı göstəricilərini əks etdirən rəsmi sənəddir.

Enerji pasportu mənzil qiymətlərinə necə təsir edəcək? - Detallar açıqlandı

Azərbaycanca, 24 сентября 2026 14:52 (UTC +04:00) 205
Enerji pasportu mənzil qiymətlərinə necə təsir edəcək?

Enerji pasportu, binanın enerji effektivliyi sinfini, onun istilik mühafizəsini və illik enerji istehlakı göstəricilərini əks etdirən rəsmi sənəddir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tələblərinə əsasən, 2027-ci ildən etibarən ölkədə yeni tikilən və əsaslı təmir olunan binaların bu sənəd üzrə sertifikatlaşdırılması məcburi olacaq. Maraqlı sual yaranır ki, bu, mənzil qiymətlərinə necə təsir edəcək? 

Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib ki, enerji pasportunun verilməsi bundan sonra inşa olunacaq yeni tikililərə və rekonstruksiya ediləcək binalara şamil olunacaq.

O, qeyd edib ki, bu tələb köhnə binalara və indiyədək inşa edilmiş yeni tikililərə aid deyil.

"Bununla belə, düşünürəm ki, enerji pasportunun tətbiqi daşınmaz əmlak bazarına mühüm təsir göstərəcək. Əvvəllər mənzil alarkən vətəndaşlar əsasən təmir vəziyyəti, yerləşmə, infrastruktur və digər göstəricilərlə bağlı məlumatları realtorlardan və qiymətləndiricilərdən soruşurdularsa, bundan sonra binaların enerji effektivliyi də diqqət yetirilən əsas meyarlardan birinə çevriləcək", - o bildirib.

V.Oruc əlavə edib ki, enerji effektivliyinin müəyyən olunması, təbii ki, binanın enerji pasportu vasitəsilə mümkün olacaq.

"Enerji pasportunda binada istifadə olunan enerjinin həcmi, enerji növü - ənənəvi və ya alternativ enerji mənbələrindən istifadə olunması - və illik enerji sərfiyyatı kimi göstəricilər əks olunacaq. Burada A, B, C, D və E olmaqla enerji effektivliyi üzrə təsnifat tətbiq edilir. A, B və C kateqoriyaları daha yüksək enerji effektivliyini, D və E kateqoriyaları isə nisbətən aşağı enerji effektivliyini ifadə edir", - o deyib.

Sədr vurğulayıb ki, binaların enerji effektivliyinin müəyyənləşdirilməsi və onların enerji pasportu ilə təmin olunması istiqamətində Azərbaycan qiymətləndiricilərinin üzərinə böyük məsuliyyət düşəcək.

"Çünki gələcəkdə binalarda yerləşən mənzillərin qiymətləndirilməsi zamanı enerji effektivliyi də mühüm amillərdən biri olacaq. Əgər qiymətləndirici mənzilləri 10-15 və ya 20 müxtəlif göstərici üzrə müqayisə edərək qiymətləndirirsə, enerji effektivliyi də həmin meyarlar sırasına əlavə olunacaq. Enerji baxımından daha effektiv binada yerləşən mənzillərin bazarda daha yüksək qiymətlə təklif olunması ehtimalı da bununla əlaqədar formalaşacaq", - V.Oruc bildirib.

O, əlavə edib ki, burada bir məqamı nəzərə almaq lazımdır.

"2027-ci ilin yanvarından prosesə start verilməsi qiymətlərin birdən-birə artacağı anlamına gəlmir. Bu, zamanla bazarda formalaşacaq, qəbul ediləcək və oturuşacaq yeni bir prinsip olacaq. Enerji effektivliyini müəyyən edən pasportların tətbiqindən sonra daşınmaz əmlak bazarında binaların şərti olaraq üç kateqoriyaya - köhnə tikililər, yeni tikililər və enerji effektivliyi müəyyən olunmuş tikililər - ayrılması mümkün olacaq. Bu isə qiymətləndiricilər, əmlakçılar və ümumilikdə tikinti sektoru üçün yeni yanaşmaların formalaşmasını zəruri edəcək", - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости