15 yaşı tamam olan şəxslər yalnız bu hallarda işləyə bilərlər - Əks halda CƏRİMƏ...
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci və 46-cı maddələrinə əsasən, yaşı 18-dən az olan şəxslər yalnız 15 yaşına çatdıqdan sonra işə qəbul edilə bilərlər.
Bu yaş həddində (15-18 yaş arası) olan yeniyetmələrlə əmək müqaviləsi bağlanarkən valideynlərindən, övladlığa götürənlərdən (qəyyumlardan) və ya qanunla onları əvəz edən şəxslərdən birinin yazılı razılığının olması mütləqdir. Bundan əlavə, Məcəllənin 252-ci maddəsinə görə, 18 yaşına çatmayan şəxslər yalnız ilkin tibbi müayinədən keçirildikdən sonra işə qəbul olunurlar və həmin iş onların ümumi orta təhsil almaq imkanlarını məhdudlaşdırmamalıdır.
Eyni zamanda, Əmək Məcəlləsinin 91-ci, 249-cu, 250-ci və 254-cü maddələri yetkinlik yaşına çatmayanların çalışa biləcəyi iş şəraitini və vaxtını ciddi şəkildə tənzimləyir. Qanuna əsasən, 18 yaşına çatmayan şəxslər ağır, zərərli, yeraltı işlərdə, eləcə də mənəvi inkişaflarına mənfi təsir göstərə biləcək (gecə klubları, barlar, alkoqollu içkilərin satışı və s.) sahələrdə çalışdırıla bilməzlər. Onların gecə vaxtı (saat 20:00-dan 07:00-dək), iş vaxtından artıq işlərə, istirahət və bayram günlərində işə, həmçinin ezamiyyətlərə cəlb edilməsi qadağandır və onlar üçün qısaldılmış iş vaxtı (16 yaşadək həftədə maksimum 24 saat, 16-18 yaş arası isə maksimum 36 saat) tətbiq olunur.
Xatırladaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.8-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqların işə götürülməsinə görə vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 3000-5000 manat məbləğində cərimə edilirlər.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре