Mədəniyyət naziri TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib - FOTO
Noyabrın 28-də "Türk Dünyasının 2026-cı il Mədəniyyət Paytaxtı" Əndican şəhərində (Özbəkistan) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 43-cü iclası keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Qurbanmırat Mıradalıyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Askaralı Madaminov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kayrat Kambarov, TÜRKSOY-un baş katibi Sultan Raev, Əndican vilayətinin hakimi Şöhrətbek Abdurahmanov, Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.
İclasda TÜRKSOY-un hesabat dövründəki fəaliyyəti, təşkilatın institusional inkişafı, Türk dünyasında mədəni əməkdaşlığın genişləndirilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan birgə təşəbbüslər müzakirə olunub.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli çıxışında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini, təşkilatın layihə və proqramlarında tərəfdaşlığına toxunub.
Hesabat dövründə həyata keçirilmiş uğurlu birgə təşəbbüslər sırasında Türk Dünyası Kitabxanalar Birliyinin Bakıda təsis edilməsi, Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində II Türk Dünyası Gənc Şairlər Festivalı, Şuşa və Xankəndidə təşkil edilmiş Türk Dünyası Qadın Rəssamları Sərgisi və ən əsası Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilmiş "Türk Dünyası Həftəsi" barədə məlumat verib.
Nazir, həmçinin TÜRKSOY-un ortaq mədəni irsimizin qorunması və beynəlxalq miqyasda tanıdılmasındakı rolundan danışaraq, təşkilatın institusional potensialının gücləndirilməsinin və türk əməkdaşlıq təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.
İclas çərçivəsində təşkilatın illik hesabatları, maliyyə məsələləri və 2027-ci il üzrə fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
İclasın yekununda imzalanmış Yekun Bəyanatla Türkiyənin Kayseri şəhəri 2027, Qırğız Respublikasının Talas şəhərinin isə 2028-ci il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı", 2027-ci ilin "Çolpan ili", 2028-ci ilin isə "Çingiz Aytmatov ili" elan edilməsi qərara alınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре