Əlilliyin müəyyən edilməsində dünya təcrübəsinə əsaslanan yanaşmalar tətbiq olunacaq - Şöbə müdiri
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda edilmiş dəyişikliklər əlilliyin müəyyən edilməsi sahəsində ölkəmizdə ilk dəfə olaraq yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla, yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən brifinqdə nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.
Onun sözlərinə görə, qeyd olunan dəyişikliklərlə bağlı dövlət başçısı həmçinin bir sıra Qanun və Məcəllələrdə edilmiş dəyişiklikəri də təsdiq edib.
Bildirilib ki, qanunvericilikdə "əlilliyinin səbəbi, dərəcəsi" sözləri "orqanizminin funksiyalarının pozulması faizi, səbəbi" sözləri ilə, "I dərəcə əlilliyi olan" sözləri "orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" sözləri ilə, "II dərəcə əlilliyi olan" sözləri "orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" sözləri ilə və "III dərəcə əlilliyi olan" sözləri "orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilib.
Qeyd edilən dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək və artıq Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaqdır.
Həmçinin qanunvericilikdə "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri ilə əvəzlənir və 18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре