Baydenin məktubu Azərbaycanın Cənubi Qafqazda regional güc kimi qəbul edildiyinin növbəti isbatıdır

"ABŞ prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə cənab Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərməklə yanaşı, ölkəmizin Cənubi Qafqazda regional güc kimi qəbul edildiyinin növbəti dəfə isbatıdır. Təbrik məktubunda bir çox önəmli məqamlara diqqət çəkməklə bərabər, mürəkkəb siyasi proseslərin getdiyi bir dövrdə ölkəmizin dünya dövlətləri arasında sülhə və sabitliyə hədəflənmiş siyasətini ifadə edən mesajlar xüsusilə diqqət çəkir".

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, ABŞ prezidentinin təbrik məktubunda ilk öncə ABŞ-Azərbaycan münasibətlərinin tarixinə və ötən 30 il ərzində əldə olunmuş nailiyyəltərə, enerji mənbələrinin şaxələndirilməsində, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna roluna xüsusi yer verilib. Bu, ABŞ-ın enerji mənbələrinin şaxələndirilməsi, Avropa və dünya bazarlarının təhlükəsizliyin və sabitliyin təmin olunmasında Azərbaycanla əməkdaşlığa nə qədər önəm verdiyinin növbəti təzahürüdür. Eyni zamanda, bu, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarına çıxışının təmin olunmasının vacibliyinin vurğulanmasıdır.

Məktubun ikinci hissəsində ABŞ-ın xüsusilə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına və Trans-Xəzər regionun çiçəklənməsinə, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin intensivləşdirilməsinə, iki ölkə arasında iqtisadi, nəqliyyat və insanlararası münasibətlərin inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqları vurğulanmışdır. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, ABŞ-ın regionda yaranan yeni reallığı qəbul etməsi və dəstəkləməsi C. Bayedinin məktubunda öz əksini tapıb. Bayden mövcud vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib. Bununla bağlı məktubda deyilir: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, ABŞ prezidentinin məktubu onu deməyə əsas verir ki, dünyanın super gücü olan Amerika Azərbaycanı regionun lider dövləti kimi qəbul edir. Xüsusilə, Qafqaz və ümumən Trans-Xəzər regionunun inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə önəm verilir. Burada bir məsələni də xüsusilə qeyd etməliyik ki, ABŞ fərqindədir ki, regionun inkişafı Azərbaycanın və onun liderinin qlobal miqyaslı səyləri və konstruktiv mövqeyi ilə sıx bağlıdır. Bu baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.