Azərbaycan hotellərinin gəlirləri artıb

2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 265,7 milyon manat olub.

Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1 faiz səviyyəsində olmuşdur (2023-cü ilin yanvar-iyun aylarında 16,6 faiz). Bu göstərici Şabranda 49,1 faiz, Naftalanda 39,1 faiz, Bakıda 37,3 faiz, Qusarda 28,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.