Azərbaycan barədə daha çox öyrənmək istəyirik

Azərbaycan barədə daha çox öyrənmək istəyirik.

Bu barədə Trend-ə Filippindən olan səyyah Camel Santos deyib.

"Bura gələndə heyran olmuşdum. Hələ Bakıda olanda memarlıq, binalar, insanlar və yerli mətbəx məni heyran etdi. İndi isə bu ölkə haqqında daha çox şey öyrənmək istəyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - Most Traveled People (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin Qarabağa səfəri başlayıb.

Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Xatırladaq ki, bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir. 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.