Qarabağa səfər insanların xoşuna gəlir

Qarabağa səfər etmək insanların, həqiqətən, xoşuna gəlir.

Trend xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) səyahət klubunun nümayəndə heyətinə rəhbərlik edən Çarlz Vili jurnalistlərə deyib.

"Artıq üçüncü ildir ki, Qarabağa turlar keçiririk. Dördüncü dəfədir ki, Qarabağa "Most Traveled People" (MTP) səyahət klubunun nümayəndələrini gətiririk. Füzulidə, Şuşada, Ağdamda, Laçında və Zəngəzurda aparılan yenidənqurma işləri gördük və bu işlər xoş təsir bağışlayır. Hər dəfə yeni nə isə müşahidə edirik. Fikrimcə, burada turizm üçün yaxşı gələcək var", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - Most Traveled People (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin Qarabağa səfəri başlayıb.

Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Xatırladaq ki, bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir. 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.