Böyük Britaniyanın Baş naziri COP29-a dəvət olundu

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət olunub.

Day.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Britaniyanın Baş naziri Kir Starmerə COP29-da iştirakla bağlı ünvanladığı dəvət məktubu Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Milibanda Azərbaycanın bu ölkədəki səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar keçirilən rəsmi tədbirdə təqdim edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.