“Diaspor Akademiyası - 2” layihəsinə start verilib

Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən "Diaspor Akademiyası-2" layihəsinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, oktyabrın 12-də "Zoom" proqramı vasitəsilə baş tutan ilk təlim "Diaspor nədir? Müxtəlif ölkələrin diaspor ilə bağlı qanunvericiliyi" mövzusuna həsr edilib.

Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına diasporun tarixi, fəaliyyəti, diaspor və lobbiçilik təcrübəsi barədə danışıb, bu sahədə müxtəlif ölkələrin normativ-hüququ sənədləri barədə məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi diaspor nümayəndələrini səmərəli diaspor fəaliyyətinə hazırlamaq, fandreyzinq alətlərinə yiyələnmələrinə kömək göstərmək, diaspor nümayəndələrindən öyrəndiklərini və təcrübələrini yaşadıqları ölkələrdəki Azərbaycan diasporunun digər nümayəndələrinə ötürə biləcək kadrlar hazırlamaqdır. Cari ilin oktyabr ayından start verilən təlimlər 2025-ci ilin fevral ayına qədər davam edəcək. Layihə ərzində ümumilikdə 10 mövzudan hər ay ikisi onlayn formatda tədris olunacaq. "Diaspor Akadamiyası-2" layihəsindən məzun olan şəxslərə yekunda sertifikat veriləcək.