Ermənistanın NATO ilə əməkdaşlıq planları regionda təhlükəsizliyə ciddi təhdidlər yaradır - Azər Qarayev
Son zamanlar Ermənistanın Qərbə inteqrasiya siyasəti və NATO ilə əməkdaşlıq planları regionda təhlükəsizliyə ciddi təhdidlər yaradır. 30 sentyabr 2024-cü ildə NATO-nun Brüssel mənzil-qərargahında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın NATO Hərbi Komitəsinin nümayəndələri ilə keçirdiyi görüş zamanı əldə edilən razılaşmalar bu təhlükələrin nə qədər ciddi olduğunu göstərir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətlərində gərginlik artarkən, Qərbə yönələn siyasəti daha da sürətlənir:
"Armen Qriqoryan görüş zamanı Ermənistanda NATO hərbi bazalarının yaradılmasını və NATO-nun "Cənub qanadında" yer almağı təklif edib.
Bu hərbi bazalar NATO-nun sürətli reaksiya qüvvələrini qəbul etməyə hazır olacaq. ABŞ və Fransa bu təşəbbüsü dəstəkləsələr də, Almaniya bu proseslə bağlı narahatlıqlarını dilə gətirib, əsasən, Rusiyanın geniş hərbi mövcudluğuna dair risklərdən narahatdır. Buna baxmayaraq, Cibuti modelinin tətbiq olunması əsas göstərici kimi çıxış edir.
Cibuti modeli strateji əhəmiyyətli hərbi bazaların yerləşdirilməsi və onların yaxınlığında fəaliyyət göstərən müxtəlif ölkələrin hərbi qüvvələrinə əsaslanır. Ermənistan bu modeli qəbul edərək, NATO ilə əlaqələrini gücləndirmək, eyni zamanda, regionda hərbi nüfuzunu artırmaq niyyətindədir".
A.Qarayev bildirib ki, Ermənistanın NATO ilə yaxınlaşması xüsusilə Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbiri ərəfəsində Ermənistanın Azərbaycana qarşı yeni təzyiq dalğasının yaranmasına səbəb olub. Armen Qriqoryan bu təzyiqlərin artırılması və Azərbaycana qarşı informasiya kampaniyasının genişləndirilməsini açıq şəkildə vurğulayıb. Ermənistan Azərbaycanın "həssas" vəziyyətdə olduğunu düşünərək, Bakı ilə sülh müqaviləsini öz şərtləri ilə imzalatmağa çalışır.
"Görüşdə Armen Qriqoryan Azərbaycanın hərbi qüvvələrinin Ermənistan sərhədləri boyunca yerləşdirilməsini "işğal" adlandıraraq, Ermənistan ordusunun mövqeyini bərpa etmək üçün müharibə planlarını təklif edib. O, bu cəhdlərin erməni cəmiyyətinin döyüş ruhunu bərpa edəcəyini və Azərbaycanın içərisində gərginlik yaradacağını düşünür".
Politoloq onu da əlavə edib ki, görüş zamanı Qriqoryan Gürcüstanı Ermənistanın planlarına maneə kimi təqdim edib.
Onun fikrincə, Gürcüstanın hazırkı hökuməti Azərbaycanla yaxın əlaqələri qoruyub saxlamaqla Ermənistanın NATO inteqrasiyası planlarına mane olur:
"Ermənistan Gürcüstandakı erməni icmaları vasitəsilə bu ölkədə siyasi proseslərə təsir göstərmək və regiondakı vəziyyəti öz maraqları üçün dəyişmək niyyətindədir.
Ermənistanın Qərb ölkələri, xüsusilə Fransa və ABŞ ilə olan əməkdaşlığı da görüş zamanı yüksək qiymətləndirilib. Lakin Ermənistan təhlükəsizlik strukturlarında hələ də Rusiyaya meyilli qüvvələrin olması Qərb tərəfindən ciddi problem kimi qiymətləndirilir. Armen Qriqoryan bildirib ki, təhlükəsizlik orqanlarında təmizləmə işləri sürətləndirilməlidir və Qərbin bu sahədə dəstəyinə ehtiyac var. NATO ilə əməkdaşlıq Ermənistanın geosiyasi mövqeyini dəyişmək və Rusiyanın təsir dairəsindən çıxmaq cəhdlərinin bir hissəsi kimi görünür".
A.Qarayev sonda əlavə edib ki, Ermənistanın NATO ilə apardığı müzakirələr və bu ittifaqa doğru atdığı addımlar regionda təhlükəsizliyi ciddi təhlükə altında qoyur:
"Azərbaycan bu proseslərdən xəbərdardır və öz milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Ermənistanın Qərb tərəfdaşları ilə birgə həyata keçirdiyi hər hansı bir təhlükəyə qarşı mübarizəyə hazır olan Azərbaycan regional sabitliyi qorumaq və Cənubi Qafqazdakı sülh və təhlükəsizliyi təmin etmək üçün hərəkətə keçməyə hazırdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре