Kütləvi zəhərlənmələrə nə səbəb olur? - Ekspert AÇIQLADI
Kütləvi qida zəhərlənmələri ilə bağlı zaman-zaman xəbərlər görməkdəyik. Hər kəsi burada düşündürən sual qidanın necə və hansı şəraitdə saxlanma zərurətidir.
Day.Az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov deyib ki, ictimai iaşə müəssisələrində, istər restoran, kafe, şadlıq və mərasim zalları, istərsə də ev, çadır və digər məkanlarda hava şəraitindən asılı olmayaraq qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.
O, qeyd edib ki, xüsusilə riskli qida məhsullarına, yəni ət, balıq, toyuq, mayonez və mayonez əsaslı, yumurta və yumurtadan hazırlanan məhsullar və digər tez xarab olan qidalara xüsusi diqqət yetirilməlidir.
"Bu məhsullar soyuq qida zəncirində müvafiq temperaturda qorunmalıdır. Bişmiş məhsullar üçün isə isti qida zəncirinin qorunması, yaxud məhsul sonradan soyudulacaqsa, bişirildikdən sonra sürətli və düzgün soyudulması və daha sonra təhlükəsiz temperaturda saxlanılması təmin edilməlidir. Eyni zamanda qidanın daşınması, saxlanması, hazırlanması, bişirilməsi, emalı, soyudulması, yenidən qızdırılması və təqdim olunmasının hər mərhələsində qida təhlükəsizliyi tələblərinə riayət edilməlidir", - o deyib.
Ekspert bildirib ki, restoran və mərasim müəssisələrində şorba və digər bişmiş yeməklər sonradan istifadə üçün saxlanılırsa, onların düzgün və sürətli şəkildə soyudulması, daha sonra soyuq zəncirdə müvafiq temperaturda mühafizə edilməsi vacibdir.
"İsti təqdim olunan qidalar isə isti qida zəncirində təhlükəsiz temperaturda saxlanılmalıdır. Xüsusilə toy, nişan, yas mərasimləri və digər kütləvi tədbirlərin keçirildiyi məkanlar qida məhsullarının təhlükəsiz saxlanılması üçün müvafiq soyuducu və digər avadanlıqlarla təchiz edilməlidir. Təəssüf ki, bəzən belə məkanlarda soyuducu şəraitin olmadığını, ətin və digər riskli məhsulların saatlarla otaq temperaturunda saxlanıldığını görürük. Riskli qidaların uzun müddət uyğun olmayan temperaturda saxlanılması mikroorqanizmlərin sürətlə çoxalmasına və qida zəhərlənməsi riskinin artmasına səbəb ola bilər. Buna görə də qidanın təhlükəli temperatur aralığında qalma müddəti minimuma endirilməlidir", - o qeyd edib.
A.Salamovun sözlərinə görə, bu məsələ xüsusilə ona görə ciddi əhəmiyyət daşıyır ki, qida zəhərlənmələri hər kəs üçün təhlükəli olmaqla yanaşı, risk qruplarına daxil olan insanlar üçün daha ağır nəticələr yarada bilər.
"Yaşlılar, uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, kimyaterapiya alan xəstələr və digər həssas qruplar qida mənşəli xəstəliklərin ağır nəticələri ilə daha çox üzləşə bilərlər. Buna görə də qida təhlükəsizliyi tələblərinə əməl etməyən müəssisələrə qarşı nəzarət və məsuliyyət mexanizmləri daha ciddi tətbiq olunmalıdır. Mənim fikrimcə, qida təhlükəsizliyi sahəsində lazımi bilik və hazırlığı olmayan, bu istiqamətdə mütəxəssislərlə işləməyən müəssisələr qarşısında konkret və məcburi tələblər qoyulmalıdır. Çünki sahibkarın qida təhlükəsizliyi ilə bağlı məlumatsızlığı və ya yanlış bildiyi qaydalar nəticə etibarilə insanların sağlamlığı üçün ciddi risk yarada bilər", - o vurğulayıb.
Ekspert əlavə edib ki, burada digər mühüm məsələ Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşən yükdür.
"Ölkədə restoranlar, kafelər, mərasim zalları, şadlıq evləri, bağçalar, məktəblər, universitetlər, otellər, katerinq şirkətləri, yolüstü iaşə obyektləri və digər minlərlə qida fəaliyyəti göstərən müəssisə mövcuddur. Dövlət qurumunun hər bir müəssisəyə ayrıca mütəxəssis ayırması real görünmür. Buna görə də dövlət nəzarəti ilə yanaşı, sahibkarın öz məsuliyyəti və daxili qida təhlükəsizliyi sistemi də gücləndirilməlidir. Xüsusilə restoran, kafe, mərasim zalı və digər iaşə müəssisələrinin qarşısında qida təhlükəsizliyi üzrə bilik və bacarığa malik məsul şəxsin və ya mütəxəssisin olması, əməkdaşların müvafiq təlimlərdən keçirilməsi və təhlükəsiz qida zəncirinin bütün mərhələlərinə nəzarət edilməsi kimi tələblər qoyulmalıdır", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре