Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa
Bir vaxtlar Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam uzun illər işğalın, dağıntıların və məcburi köçkünlük ağrısının simvoluna çevrildi. 2020-ci il noyabrın 20-də Azərbaycan bayrağının yenidən bu torpaqlarda dalğalanması ilə Ağdamın tarixində yeni mərhələnin əsası qoyuldu. Bu gün qədim şəhər öz tarixi simasını, iqtisadi potensialını və mədəni həyatını bərpa edərək yenidən Azərbaycanın mühüm yaşayış və sənaye mərkəzlərindən birinə çevrilmək yolundadır.
Ağdamın adı çəkiləndə ilk növbədə yaddaşlarda iki fərqli mənzərə canlanır: bir tərəfdə Qarabağın vaxtilə abadlığı, mədəni həyatı və iqtisadi inkişafı ilə seçilən şəhəri, digər tərəfdə isə işğaldan sonra xarabalığa çevrilmiş, küçələrində həyatın dayandığı bir məkan. Bu iki mənzərə arasındakı tarixi məsafə bütöv bir xalqın yaşadığı faciəni, mübarizəni və nəhayət, doğma yurda qayıdış əzmini özündə ehtiva edir.
Bu gün - 20 Noyabr Ağdam Şəhəri Günü münasibətilə şəhərin keçdiyi tarixi yola nəzər salmaq həm də Azərbaycanın son onilliklərdə yaşadığı hadisələrin xronologiyasını xatırlamaq deməkdir.
Ağdamın tarixi yalnız müasir dövrlə məhdudlaşmır. Bu ərazidə aparılmış arxeoloji tədqiqatlar onun qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. XX əsrin 50-ci illərindən etibarən bölgədə həyata keçirilən arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Tapıntılar göstərir ki, insanlar burada minilliklər əvvəl məskunlaşıb, əkinçilik və maldarlıqla məşğul olublar.
Xüsusilə Üzərriktəpə ərazisində aparılan tədqiqatlar Ağdamın elmi-arxeoloji əhəmiyyətini üzə çıxarıb. Buradan əldə edilən maddi-mədəniyyət qalıqları, taxıl və üzüm dənələri ərazidə oturaq həyat tərzinin və inkişaf etmiş təsərrüfat mədəniyyətinin mövcudluğundan xəbər verir. Arxeoloqlar Üzərriktəpəni Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri kimi qiymətləndirirlər.
Ağdam adının mənşəyi ilə bağlı müxtəlif izahlar mövcuddur. Bir yanaşmaya görə, qədim türk dilində bu söz "kiçik qala" mənasını verir. Digər izah isə XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi ilə əlaqələndirilir. Həmin tikilinin ətraf yaşayış məntəqələri üçün istiqamət göstəricisinə çevrildiyi bildirilir. Hər iki izah Ağdamın tarixi və coğrafi yaddaşında özünəməxsus yer tutur.
1930-cu ildə rayon statusu alan Ağdam 1094 kvadratkilometr ərazini əhatə edir. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən rayon tarixən əlverişli coğrafi mövqeyi, münbit torpaqları və iqtisadi imkanları ilə seçilib. Ağdam yalnız yaşayış məntəqəsi deyil, həm də Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayan mərkəzlərdən biri olub.
Ağdamın müasir tarixində ən ağır səhifələrdən biri 1993-cü ilin iyulunda yaşanıb. Şəhər uğrunda 42 gün davam edən döyüşlər 23 iyulda rayon ərazisinin böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnib. Bu hadisə nəticəsində 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatına məhkum olub. Ağdam uğrunda döyüşlərdə 6 mindən çox insan şəhid olub, minlərlə sakin yaralanıb. Rayon əhalisi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmağa məcbur olub. İşğal Ağdamın yalnız ərazi bütövlüyünə deyil, onun iqtisadi, sosial və mədəni həyatına da ağır zərbə vurub. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarəsi və 99 klubu işğal altında qalıb. Dünyada nadir mədəniyyət müəssisələrindən biri hesab edilən Ağdam Çörək Muzeyi də talan edilərək dağıdılıb.
Şəhərin yaşayış binaları, inzibati obyektləri, tarixi və dini abidələri sistemli şəkildə məhv edilib. Bir vaxtlar insanların gündəlik həyatının qaynadığı küçələr boşaldılıb, yaşayış məhəllələri xarabalığa çevrilib. Ağdamın sonrakı illərdə "Qafqazın Xirosiması" adlandırılması da məhz bu dağıntıların miqyasından qaynaqlanırdı. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə vurulan zərər bununla da bitməyib. Mülkiyyətin talan edilməsi, yaşayış məntəqələrinin yandırılması, coğrafi adların dəyişdirilməsi və dini abidələrin dağıdılması bölgənin tarixi kimliyinə qarşı yönəlmiş əməllər kimi yadda qalıb.
Bu hadisələr beynəlxalq hüquq normalarının da pozulması ilə müşayiət olunub. BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sənəddə Ağdamın ələ keçirilməsi ilə bağlı hücumlar da pislənirdi.
Lakin beynəlxalq təşkilatların qətnamə və çağırışları uzun illər ərzində icrasız qaldı. Nəticədə yüz minlərlə azərbaycanlı doğma torpaqlarına qayıtmaq hüququndan məhrum edildi, Ağdam isə təxminən 27 il ərzində işğal altında qaldı.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Sentyabrın 27-də başlayan hərbi əməliyyatlar noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalaması ilə yeni mərhələyə keçdi. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında qalan hissəsi Azərbaycana qaytarıldı. Bununla da şəhər və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyi bərpa olundu.
Ağdamın azad edilməsi hərbi əməliyyatların dayandırılması və yeni ərazilərin döyüşsüz qaytarılması baxımından da əhəmiyyətli idi. 27 illik işğal dövründən sonra Azərbaycan bayrağının yenidən Ağdamda dalğalanması minlərlə keçmiş məcburi köçkün üçün doğma yurda qayıdış ümidinin gerçəkləşməsinə yol açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın gələcəyi ilə bağlı mövqeyini hələ ilk bəyanatlarında açıq şəkildə ifadə etmişdi:
"Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın".
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edərək burada Azərbaycan bayrağını ucaltdı və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etdi. Bu səfər şəhərin bərpasına başlanacaq yeni mərhələnin siyasi və mənəvi mesajı kimi yadda qaldı.
Noyabrın 26-da Prezidentin təşəbbüsü ilə "Ağdamın azad olunmasına görə" medalı təsis edildi. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olundu. 2023-cü il iyulun 31-də imzalanan Sərəncama əsasən isə 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən edildi. Beləliklə, bu tarix Azərbaycanın rəsmi təqvimində şəhərin işğaldan azad edilməsinin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Ağdamın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulması, sosial-iqtisadi həyatın bərpası və sakinlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi idi. Bu məqsədlə şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən Baş Plan hazırlandı.
2022-ci il avqustun 16-da Nazirlər Kabinetinin qərarı ilə "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edildi. İşğaldan azad olunmuş ərazilər arasında ilk təsdiqlənən şəhər Baş planı olan bu sənəd Ağdamın gələcək urbanistik və iqtisadi inkişafının əsas çərçivəsini müəyyənləşdirdi.
Plana əsasən, Ağdamın 2040-cı ilədək təxminən 100 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi nəzərdə tutulur. Şəhərdə yaşayış məhəllələri, ictimai və sosial obyektlər, istehsal müəssisələri, parklar və müasir infrastruktur yaradılır.
Bərpa prosesi yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Ağdamın kəndlərində də genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələləri istifadəyə verilib. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli daxil olmaqla digər kəndlərdə də tikinti işlərinə başlanılıb.
Şəhərin özündə beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulur. Onlardan ikisinin açılışı baş tutub, digər məhəllələrdə tikinti işləri davam etdirilir.
Bu layihələr Ağdamın gələcək inkişafında mühüm əhəmiyyət daşıyır. Çünki şəhərin yenidən qurulması yalnız binaların tikilməsi deyil, insanların normal həyat şəraitinin, məşğulluğun, təhsilin, səhiyyənin və sosial xidmətlərin bərpası deməkdir.
Ağdamın bərpasında iqtisadi inkişaf və məşğulluq məsələsi xüsusi yer tutur. Bu baxımdan Ağdam Sənaye Parkı bölgənin gələcək iqtisadi mənzərəsini formalaşdıran əsas layihələrdən biri hesab olunur. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı Fərmanla yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Layihənin əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, sahibkarlığı dəstəkləmək, yerli istehsalı genişləndirmək və əhalinin məşğulluğunu təmin etməkdir.
2026-cı ilin noyabrına olan məlumatlara əsasən, parkda ümumi investisiya həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam etdirilir. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan artıq investisiya yatırılıb və 964 nəfər daimi işlə təmin olunub.
Sənaye Parkında metal elektrik dirəkləri, metal məmulatlar, tütün məhsulları və digər istehsal sahələrinin yaradılması Ağdamın iqtisadi həyatının şaxələndirilməsinə xidmət edir. Burada formalaşan istehsal infrastrukturu gələcəkdə rayonun təkcə Qarabağda deyil, ölkə iqtisadiyyatında da mövqeyinin möhkəmlənməsinə imkan yarada bilər.
Ağdamın iqtisadi dirçəlişində nəqliyyat infrastrukturu da mühüm rol oynayır. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu xəttinin inşası və yeni nəqliyyat qovşağının yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir.
2025-ci il mayın 10-da açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Təxminən 8 hektar ərazidə inşa edilən kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Buradakı dəmir yolu vağzalı gündəlik 800-1000, avtovağzal isə 1300-1500 sərnişinə xidmət göstərə biləcək. Kompleksdə 350 metr uzunluğunda qapalı dəmir yolu platformasının yaradılması da diqqətçəkən yeniliklərdəndir.
Ağdamın dirçəlişi yalnız iqtisadi və infrastruktur layihələri ilə ölçülmür. Şəhərin tarixi-mədəni irsinin qorunması, Qarabağın ənənələrinin yaşadılması və mədəni həyatın yenidən canlandırılması da bərpa siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Ağdam Cümə məscidinin bərpası xüsusi məna daşıyır. İşğal dövründə ciddi dağıntılara məruz qalan məsciddə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri 2024-cü il aprelin 25-də başa çatdırılaraq abidə istifadəyə verildi.
Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi də bərpa olunaraq əvvəlki tarixi əhəmiyyətinin qaytarılması istiqamətində mühüm mərhələyə qədəm qoydu. 2024-cü il sentyabrın 19-da kompleksin açılışı keçirildi. Burada Qarabağ xanlarının türbələri, tarixi tikililər və digər irs nümunələri qorunaraq gələcək nəsillərə çatdırılır.
2025-ci il mayın 10-da açılan Ağdam Muğam Mərkəzi isə şəhərin mədəni həyatında yeni mərhələnin başlanğıcıdır. Mərkəzdə 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi və iclas zalları yaradılıb. Bundan əlavə, 615 tamaşaçı tutumuna malik açıq amfiteatr inşa edilib.
Bu mərkəzin fəaliyyəti Qarabağın zəngin muğam ənənələrinin yaşadılması, gənc nəslə ötürülməsi və bölgənin mədəni həyatının canlandırılması baxımından əhəmiyyətlidir.
Tarixi irsin bərpası ilə yanaşı, Ağdamda müasir mədəni və idman infrastrukturu da yaradılır. "İmarət" stadionunun tikintisi, Zəfər və İşğal muzeylərinin yaradılması, Ağdam Konfrans Mərkəzi kimi layihələr şəhərin ictimai həyatının gələcək inkişafına xidmət edir.
İşğaldan azad edilmiş ərazilərin bərpasında ən mühüm göstəricilərdən biri insanların doğma torpaqlarına qayıtmasıdır. Ağdamda da bu proses mərhələli şəkildə davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb.
Beləliklə, ümumilikdə 2146 ailə və 8300 nəfər Ağdam şəhəri və rayonun qeyd olunan kəndlərinə qayıdaraq yeni həyatına başlayıb. Bu rəqəmlər Böyük Qayıdış prosesinin real nəticələrini göstərməklə yanaşı, qarşıda görülməli işlərin miqyasını da ortaya qoyur. Çünki onilliklər ərzində doğma yurdundan ayrı düşmüş insanların qayıdışı yalnız mənzillə təminatla yekunlaşmır. Onların iş yerləri, təhsil, səhiyyə, nəqliyyat və digər sosial xidmətlərə çıxışı da təmin edilməlidir.
Bu istiqamətdə Ağdamda yeni məktəblər, uşaq bağçaları, inzibati binalar və səhiyyə obyektləri inşa olunur. Ağdam şəhər 1 nömrəli tam orta məktəbin və 1 nömrəli körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi, Kəngərli kəndində sosial infrastrukturun yaradılması bu prosesin tərkib hissəsidir.
Ağdamda turizm infrastrukturunun formalaşdırılması da şəhərin gələcək inkişaf strategiyasında yer alır. "Aghdam City Hotel" və "Hilton Garden Inn Agdam" hotellərinin istifadəyə verilməsi bölgənin turizm və xidmət sektorunun inkişafı üçün yeni imkanlar yaradır.
Bununla yanaşı, Şahbulaq qalası, İmarət kompleksi, tarixi məscidlər və Qarabağ atçılıq ənənələri Ağdamın turizm potensialının əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilir.
Ağdamın yenidən qurulması prosesində Prezident İlham Əliyevin mütəmadi səfərləri və layihələrin icrasına yerində nəzarəti xüsusi yer tutur. 2020-ci ilin noyabrından başlayaraq dövlət başçısı dəfələrlə Ağdamda olub, yeni layihələrin təməlini qoyub, açılış mərasimlərində iştirak edib və görülən işlərlə tanış olub.
2021-ci il mayın 28-də Ağdamda keçirilən tədbirlər şəhərin bərpasının əsas istiqamətlərini müəyyənləşdirdi. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, ilk yaşayış binasının, məktəbin, Zəfər və İşğal muzeylərinin təməlləri qoyuldu. Sonrakı illərdə bu proses genişləndi. Yeni yaşayış kompleksləri, kəndlər, yollar, elektrik və su infrastrukturu, sənaye müəssisələri, sosial və mədəni obyektlər üzrə layihələr həyata keçirildi.
2024-cü il sentyabrın 19-da Ağdamda İmarət Kompleksinin bərpadan sonra açılışı, "Aghdam City Hotel"in istifadəyə verilməsi və sənaye parkında yeni müəssisələrin açılması diqqətçəkən hadisələrdən oldu.
2025-ci il mayın 10-da isə şəhərin həyatında mühüm günlərdən biri yaşandı. Dəmir yolu və avtovağzal kompleksi, Kəngərli kəndinin birinci mərhələsi və Ağdam Muğam Mərkəzi istifadəyə verildi. Həmin gün kəndə köçən sakinlərə yeni evlərinin açarları təqdim edildi.
2025-ci ilin iyulunda Xıdırlı kəndinin birinci mərhələsinin açılışı, Ağdam Sənaye Parkında yeni istehsal müəssisələrinin istifadəyə verilməsi və məktəb və uşaq bağçası binalarının açılışı bərpa prosesinin davamlı xarakter aldığını göstərdi. Həmin ilin dekabrında isə ikinci yaşayış kompleksinin açılışı və "Hilton Garden Inn Agdam" hotelinin istifadəyə verilməsi şəhərin yeni simasının formalaşmasında növbəti mərhələ oldu.
2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentlərinin Baş Qərvənd kəndində aparılan işlərlə tanış olması Ağdamın bərpasının beynəlxalq əməkdaşlıq kontekstində də diqqət mərkəzində olduğunu nümayiş etdirdi.
Noyabrın 7-də Prezident İlham Əliyevin Ağdama növbəti səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, ortopedik döşək istehsalı müəssisəsinin, sənaye parkında metal məmulatlar istehsalı müəssisəsinin açılışı və Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanışlıq həyata keçirildi.
Bu xronologiya Ağdamın bərpasının birdəfəlik tədbirlərdən ibarət olmadığını, yaşayış, iqtisadiyyat, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edən kompleks proses kimi davam etdiyini göstərir.
Bu gün Ağdamın qarşısında duran əsas vəzifə keçmişin dağıntılarını aradan qaldırmaqla yanaşı, müasir şəhərsalma prinsiplərinə əsaslanan, iqtisadi cəhətdən dayanıqlı və sakinlər üçün əlverişli yaşayış mühiti yaratmaqdır. 2040-cı ilədək 100 min nəfər əhalinin yaşayacağı nəzərdə tutulan Ağdamın gələcək inkişafı bir neçə əsas istiqamətlə bağlıdır: sənaye və istehsal potensialının genişləndirilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, turizm sektorunun inkişafı, sosial infrastrukturun tamamlanması və əhalinin məşğulluğunun təmin edilməsi.
Bütün bunlar Ağdamın yalnız keçmiş şöhrətini bərpa etmək deyil, həm də yeni iqtisadi və sosial imkanlar əsasında inkişaf etmək məqsədinə xidmət edir. Şəhərin strateji coğrafi mövqeyi, tarixi irsi, sənaye parkı və yenidən qurulan nəqliyyat infrastrukturu bu istiqamətdə mühüm potensial yaradır. 20 Noyabr Ağdam üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün 27 illik işğalın başa çatmasını, doğma yurda qayıdış ümidinin gerçəkləşməsini və yeni şəhərin qurulmasını simvolizə edir.
Bir vaxtlar xarabalıqları ilə dünyanın diqqətini çəkən Ağdam bu gün tikinti meydançaları, yeni yaşayış məhəllələri, istehsal müəssisələri, məktəbləri, mədəniyyət ocaqları və qayıdan sakinləri ilə fərqli mənzərə yaradır. Ağdamın tarixi bir daha göstərir ki, şəhərlərin taleyi yalnız dağıdılmış binalarla ölçülmür. Onların əsl varlığı insanları, yaddaşı, mədəniyyəti və gələcəyə olan inamı ilə müəyyən edilir. Bu gün Ağdam məhz həmin dəyərlər əsasında yenidən qurulur.
Ağdamın qarşıdakı illərdəki əsas uğuru isə yeni tikilən binaların sayından daha çox, burada qurulan həyatın davamlılığı, iqtisadi fəallıq və doğma torpağında gələcəyini quran insanların sayı ilə ölçüləcək.
Sevil Mikayılova
Milli Məclisin deputatı
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре