Maşın bazarında bu avtomobillərə tələbat daha yüksəkdir - AÇIQLANDI
Bazarda maşınlara olan tələbat dövrün reallıqlara uyğun formalaşır. Bəs hazırki dövrdə maşın bazarında tələbat hansı avtomobillərədir?
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu deyib ki, ən çox soruşulan avtomobillər, əsasən, ikinci əl bazarında xaricdən gətirilən və qiyməti 20-30 min manat aralığında olan modellərdir.
O, qeyd edib ki, bu baxımdan Chevrolet Equinox-a maraq kifayət qədər yüksəkdir.
"Maraqlıdır ki, bazarda Çin avtomobillərinin sayının artmasına baxmayaraq, alıcılar hələ də Equinox-u ikinci əl avtomobil kimi seçirlər. Çünki bu model Amerikadan gətirilən qənaətcil, qiymət və keyfiyyət baxımından uyğun avtomobillərdən biri hesab olunur.
Daha aşağı büdcəli avtomobil axtaranlar isə əsasən Chevrolet Cruze və Ford Fusion modelləri ilə maraqlanırlar. Eyni zamanda, Koreyadan gətirilən Hyundai markalı avtomobillərə də tələbat qalmaqdadır. Bu modellərlə həm sifariş əsasında avtomobil gətirmək istəyənlər, həm də daxili bazarda seçim edənlər maraqlanırlar. Bundan başqa, hibrid avtomobillərə marağın da artdığını müşahidə edirik", - o deyib.
Ekspert əlavə edib ki, ümumilikdə, ikinci əl avtomobil bazarında Çin istehsalı olan avtomobillər hələlik üstünlük təşkil etmir.
"Alıcılar, əsasən, seçim qarşısında qalırlar: 30-40 min manat və daha yuxarı büdcə ilə yeni Çin avtomobili almaq, yoxsa həmin məbləğə daha əvvəl sadaladığımız ikinci əl modellərə üstünlük vermək. Mercedes-Benz və BMW markalarının daha böyük modellərinə də müəyyən maraq var, lakin onlara tələbat nisbətən aşağıdır. Hazırda ən çox maraq göstərilən avtomobillər isə Chevrolet Equinox, Cruze, Ford Fusion və Hyundai modelləridir", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре