Hansı yanacaq növlərinin istehsalı artır, hansılar azalır?
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 5 milyard 146,8 milyon manat təşkil edib.
Day.Az xəbər verir ki, Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.
Hesabata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,3 faiz azdır.
Hesabat dövründə neft məhsullarının ayrı-ayrı növləri üzrə istehsalda fərqli dinamika müşahidə olunub. Belə ki, mazut istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 96,7 faiz artaraq 113,3 min tona çatıb. Sürtkü yağlarının istehsalı isə 24,8 faiz artaraq 38,2 min ton təşkil edib.
Bunun əksinə, ağ neft istehsalı 17,2 faiz azalaraq 482,1 min tona, neft bitumu istehsalı isə 31,1 faiz azalaraq 147,3 min tona düşüb.
Avtomobil benzininin istehsalı 1 milyon 190,2 min ton olub ki, bu da illik müqayisədə 2,7 faiz azalma deməkdir. Qazoylların (dizel yanacağı) istehsalı 2 milyon 21,9 min ton təşkil edərək 4,1 faiz azalıb.
Maye qazların istehsalında da azalma qeydə alınıb. Belə ki, hesabat dövründə 150,9 min ton maye qaz istehsal edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 20,6 faiz azdır.
Eyni zamanda, neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqlarının ümumi istehsalı 706,2 min ton təşkil edib. Bu göstərici illik müqayisədə 11,3 faiz artıb.
Həmin məhsulların tərkibində neft koksunun istehsalı 214,3 min ton olmaqla 12 faiz artıb, neft bitumunun istehsalı isə 147,3 min ton olmaqla 31,1 faiz azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 42,4 min ton avtomobil benzini, 41,2 min ton ağ neft və 80,5 min ton dizel yanacağı ehtiyatı olub.
Bununla yanaşı, anbarlarda 5,4 min ton mazut, 0,7 min ton sürtkü yağları və 1,8 min ton maye qaz mövcud olub.
Neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqlarının anbar ehtiyatı 38,1 min ton təşkil edib. Bunun 17 min tonu neft bitumunun, 17,4 min tonu isə neft koksunun payına düşüb.
Beləliklə, 2026-cı ilin ilk 10 ayında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyərində azalma qeydə alınsa da, mazut və sürtkü yağları, eləcə də neft koksu istehsalında artım müşahidə olunub. Ən ciddi azalma isə neft bitumu istehsalında qeydə alınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре