Gürcüstan hökuməti ABŞ və Avropanın tələb və istəklərini yerinə yetirmədiyindən onlara qarşı təzyiqlər artıb - Elşad Həsənov
Son zamanlar Cənubi Qafqazda Amerika Birləşmiş Ştatlarının, Avropanın maraqları artıb.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Amerikanın Gürcüstana təzyiqi daha da artıb.
"Qərb dövlətləri və ABŞ müxtəlif yollarla Gürcüstana təzyiq edərək, ölkəni Rusiya ilə ikinci cəbhə açmağa məcbur etməyə çalışırlar. Hazırki Gürcüstan hökuməti ABŞ-nin və Avropanın tələb və istəklərini yerinə yetirmədiyindən onlara qarşı təzyiqlər artıb. Bu ilin may ayında Gürcüstanda "xarici agentlər" haqqında qanun qəbul ediləndən sonra xüsusilə bu təzyiqlər artdı. ABŞ Gürcüstanın xarici agentlər haqqında qanun layihəsini qəbul etdiyinə görə çox narahat olub.
Belə ki, Gürcüstana ayrılan yardımlar ABŞ, Fransa və Almaniya tərəfindən dayandırıldı. Onlar aşkarcasına bildirdilər ki, bu qanun ləğv edildikdən sonra yardımı bərpa edəcəklərini açıqlayıblar. Gürcüstan Avropa İttifaqı ölkələri arasında şengen vizasının ləğv olunması ilə bağlı söhbətlər gəzir. Gürcüstan hökuməti öz suverenliyini, dövlət müstəqilliyini bütün istiqamətlərdə müdafiə edəcəyini bildirib. Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. ABŞ və bəzi qərb ölkələri istəyir ki Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələri tanınmasın Bəzi qərb ölkələri müxalifətə dəstək verir və indiki hakimiyyəti devirməyə çalışır. Gürcüstanda aparılan sorğulara görə əhalinin 60%-i "Gürcü Arzusu" partiyasına səs verəcəklərini bildiriblər. Vətəndaşlar Gürcüstanın müharibə deyil, sülh və əmin-amanlığına səs verəcəklərini bildiriblər", - o deyib.
Politoloq ölkələrimiz arasındakı münasibətlərə də toxunub.
"Gürcüstan Azərbaycanın yaxın müttəfiqidir. Gürcüstanın iqtisadi inkişafında ölkəmizin çox böyük rolu var. Ölkələr arasında əməkdaşlığa zərbə vurmaq istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Düşünürəm ki, gürcü xalqı öz seçimini düzgün edəcək. Ölkələrimiz arasında olan əlaqələr daha da genişlənəcək", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре