https://news.day.az/azerinews/1860751.html Zaminlik təhlükəlidirmi və nələri nəzərə almaq lazımdır? - Ekspert AÇIQLADI "Zaminlik müqaviləsinin əsas mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz öhdəliyini yerinə yetirmədikdə zamin həmin öhdəliyin icrasını təmin edir". Bunu Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib. O, başqa şəxsin kredit götürməsinə zamin olan zaman nəzərə alınmalı məqamlardan danışıb.

Zaminlik təhlükəlidirmi və nələri nəzərə almaq lazımdır? - Ekspert AÇIQLADI

Azərbaycanca, 17 сентября 2026 15:16 (UTC +04:00) 209
Zaminlik təhlükəlidirmi və nələri nəzərə almaq lazımdır?

"Zaminlik müqaviləsinin əsas mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz öhdəliyini yerinə yetirmədikdə zamin həmin öhdəliyin icrasını təmin edir".

Bunu Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib. 

O, başqa şəxsin kredit götürməsinə zamin olan zaman nəzərə alınmalı məqamlardan danışıb. 

Ekspert bildirib ki, kredit götürən şəxsə zamin olmaq təhlükəli olmasa da, ciddi məsuliyyət yaradan bir məsələdir.

"Buna görə də şəxslər zamin dayanmaq qərarı verərkən bir neçə mühüm nüansı nəzərə almalıdırlar. İlk növbədə, bilməlidirlər ki, zamin durduqları kredit öhdəliyi müəyyən hallarda onların da öhdəliyinə çevrilə bilər. Kredit götürən şəxsin ödənişlərdən boyun qaçırması və ya ödəmə qabiliyyətini itirməsi nəticəsində kredit öhdəliyinin icrası zamindən tələb oluna bilər. Çünki zaminlik müqaviləsinin əsas mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz öhdəliyini yerinə yetirmədikdə zamin həmin öhdəliyin icrasını təmin edir," - o deyib.

E.Kərimov qeyd edib ki, kredit üzrə ödənişlərin vaxtında həyata keçirilməməsi və borcun gecikmiş öhdəliyə çevrilməsi zamin üçün də müəyyən nəticələr yarada bilər.

"Belə hallarda kredit üzrə gecikmə məlumatları Mərkəzləşdirilmiş Kredit Reyestrində həm borcalanın, həm də zaminin kredit tarixçəsində əks oluna bilər. Bu isə gələcəkdə zaminin müxtəlif kredit məhsullarından istifadə imkanlarına mənfi təsir göstərə, onun kredit müraciətinin imtina ilə nəticələnməsi riskini artıra bilər", - o bildirib.

Ekspert vurğulayıb ki, zamin dayanarkən ilk növbədə kredit götürən şəxsin məsuliyyətli və öhdəliklərinə ciddi yanaşan biri olduğuna, eyni zamanda onun ödəmə qabiliyyətinə əmin olmaq lazımdır.

"Tanımadığınız, qısa müddətdə tanıdığınız və maliyyə məsuliyyətinə tam əmin olmadığınız şəxslərə, eləcə də gəlirlərinə, iş yerinə və maddi imkanlarına güvənmədiyiniz şəxslərə zamin durmaq məqsədəuyğun deyil. Ailə üzvlərinə - məsələn, ata, ana, bacı, qardaş və digər yaxın qohumlara ailənin tövsiyəsi ilə zamin dayanmaq mümkün olsa da, bu halda belə risklər mütləq nəzərə alınmalıdır", - E.Kərimov deyib.

O, əlavə edib ki, qohumluq münasibətləri zaminin üzərinə düşən hüquqi və maliyyə məsuliyyətini aradan qaldırmır.

"Kredit müqaviləsi üzrə ödənişlərin vaxtında həyata keçirilməsi və ya gecikdirilməsi, borcun vaxtı keçmiş öhdəliyə çevrilməsi ilə bağlı məlumatlar kredit tarixçəsində əks oluna bilər. Buna görə də zamin dayanmazdan əvvəl kredit götürən şəxsin maliyyə vəziyyətini, gəlirlərini və öhdəliyi yerinə yetirmək imkanlarını diqqətlə qiymətləndirmək vacibdir. El dili ilə desək, zamin dayanarkən yüz ölçüb, bir biçmək lazımdır", - ekspert yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости