Dönərlə bağlı yeni müzakirə: Azərbaycanda da standartlar dəyişə bilər?
Türkiyədə dönər və digər ət məhsullarının tərkibi ilə bağlı yeni tələblərin tətbiqi bu sahədə keyfiyyət və qida təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Bəs Azərbaycanda dönərin tərkibi, yağ və duz miqdarı ilə bağlı konkret standartlar varmı?
Day.Az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov deyib ki, bizdə də Türkiyədəki müəyyən qaydaların və standartların formalaşdırılması lazımdır.
O, qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən dönər ustaları və dönərxanalar, xüsusilə də böyük markalar, bu sahədə təcrübəli türk mütəxəssislərindən də yararlanırlar və onların məsləhətləri əsasında fəaliyyət göstərirlər.
"Dönərin hazırlanmasında yağlılıq, duz və digər inqrediyentlərin balansı çox vacibdir. Məsələn, ətin tərkibində təxminən 25 faiz yağlılıq ləzzətin qorunması baxımından əhəmiyyətlidir. Yağlılıq həddindən artıq olarsa, bişirmə zamanı yağın çox hissəsi axıb gedə bilər ki, bu da sahibkar üçün iqtisadi baxımdan əlverişli deyil. Və ya əksinə, yağın çox az olması dönərin qurumasına səbəb ola bilər. Nəticədə istehlakçının narazılığına gətirib çıxara bilər. Eyni zamanda duzun miqdarı, ətə əlavə olunan soğan, süd və digər marinad komponentləri də balanslı şəkildə müəyyənləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, dönər servis edilərkən içərisinə pomidor, xiyar və digər tərəvəzlər də əlavə olunur və onların duzluluğu fərqli olduğundan ümumi dad balansı əvvəlcədən nəzərə alınmalıdır", - o deyib.
Ekspert qeyd edib ki, gələcəkdə dönər məhsulları üçün müəyyən standartların tətbiq edilməsi faydalı ola bilər.
"Yağlılıq, duzluluq və digər tərkib göstəriciləri üzrə müəyyən normaların müəyyənləşdirilməsi həm məhsulun keyfiyyətinin, həm də istehlakçı təhlükəsizliyinin qorunmasına kömək edə bilər. Hazırda bu balansları təcrübəli ustalar müəyyən qədər bilirlər. Lakin xüsusilə xarici ölkələrdə müxtəlif qida qatqılarından istifadə halları və məhsulun tərkibinin dəyişdirilməsi ilə bağlı məsələlər də mövcuddur. Bu səbəbdən qida təhlükəsizliyi üzrə müvafiq tədbirlərin gücləndirilməsi vacibdir. Eyni zamanda, istehlakçının aldadılmasının qarşısını almaq üçün məhsulun tərkibi və hazırlanma üsulu barədə məlumatın şəffaf şəkildə təqdim olunması mühüm məsələdir", - o bildirib.
A.Salamov vurğulayıb ki, məhsulun menyuda açıq şəkildə göstərilməsi vacibdir.
"Bu, istər ticarət mərkəzlərində və fast-food məntəqələrində elektron monitorlarda təqdim olunan menyulara, istərsə də restoranların menyularına tətbiq olunmalıdır. Əgər məhsul yarpaq dönərdirsə, "yarpaq dönər", qiymə dönərdirsə, "qiymə dönər" yazılmalıdır. Çünki istehlakçı aldığı məhsulun hansı növ olduğunu əvvəlcədən bilməlidir. Yarpaq dönər bütöv ət tikələrindən hazırlanır, qiymə dönərdə isə ətin hansı hissələrindən istifadə olunduğu istehlakçı üçün hər zaman aydın olmaya bilər. Buna görə də məhsulun növünün menyuda açıq şəkildə göstərilməsi hər zaman vacibdir", - ekspert sonlandırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре