Şərti sərhəddə artan təxribatlar Ermənistan üçün yaxşı heç nə vəd etmir

Vətən müharibəsi göstərdi ki, Azərbaycan heç bir hədəyə boyun əyməyəcək qədər güclüdür.

Bu sözləri Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov söyləyib.

Polkovnik qeyd edib ki, erməni vəhşilikləri fonunda Azərbaycanın qazandığı ləyaqətli Qələbə dövlətimizin və xalqımızın qüdrətini göstərir:

"Məlum olduğu kimi, Ermənistanın 30 illik işğalı davam etdirmək cəhdi, təmas xəttində həyata keçirdiyi silsilə təxribatlar 2020-ci il sentyabrın 27-də Azərbaycanı erməni işğalına hərbi yolla son qoymaq məcburiyyəti qarşısında qoydu.

Müharibənin ilk günlərində erməni separatçıları Azərbaycanın ünvanına hədələr səsləndirir, enerji infrastrukturumuzu, şəhərlərimizi sıradan çıxartmaqla, yeni ərazilər işğal etməklə hədələyirdi.

İş o yerə çatmışdı ki, separatçılar erməni tanklarının Bakı küçələrindəki paradda iştirak edəcəyini deyirdilər. Lakin Vətən müharibəsi sübut etdi ki, Azərbaycanın cəsarəti və gücü hər cür təhdid və zorakılıqdan daha böyükdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində düşmənin hərbi potensialının 80 faizini məhv etməklə ona ağır zərbə vurdu, işğaldakı torpaqlarımızın azadlığı təmin olundu. Dövlətimiz Bakıya gələcəklərini deyən separatçıların da "arzusunu reallaşdırdı".

Separatçıların özləri həbsxanaya, tankları isə Hərbi Qənimətlər Parkına gətirildi. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan, həqiqətən də, öz təhlükəsizliyini, ərazi bütövlüyünü, suverenliyini qorumağa qadirdir və heç bir güc ona bu yolda mane ola bilməz".

C.Xəlilov son vaxtlar şərti sərhəddə artan təxribatların da Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini bildirib:

"Son vaxtlar biz Ermənistanın Azərbaycanla şərti sərhəddə müxtəlif təxribatlar həyata keçirməyə çalışdığına şahid oluruq. Fransa, ABŞ, Hindistan və digər güclər tərəfindən qızışdırılan Ermənistan bununla bölgədə vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Lakin İrəvan bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yalnız və yalnız yeni bir məğlubiyyət vəd edir. Yeni bir məğlubiyyət isə bir dövlət kimi Ermənistanın sonu ola bilər".