Qərbin "insan hüquqları" şablonunun ənənəvi hədəfləri

Müəllif: Elvin Səxavətoğlu

Qərbdə müəyyən dairələr var ki, onlar, müstəqil siyasət yürüdən dövlətlərə sistemli şəkildə insan hüquqları mövzusunda təzyiqlər edirlər.

Məsələn, hansı ölkə Qərbin maraqlarına uyğun siyasət yürüdür, orada mitinqlərdəki polis zorakılığı və digər zorakılıqlar onların diqqətini cəlb etmir. Əksinə olanda isə bəyanatlar ard-arda verilir.

ABŞ və Avropa İttifaqının bir çox təşkilat və dövlətləri Azərbaycanla bağlı da eyni siyasəti yürüdür.

Çünki rəsmi Bakı müstəqil siyasət yürüdür, həm Qlobal Cənub, həm də Qərblə ciddi əlaqələr qurur.

Digər tərəfdən Azərbaycan işğal altında olan ərazilərini azad etdiyi üçün Qərbdəki ermənipərəst qüvvələr bu reallıqla barışmaq istəmir.

Ona görə də Azərbaycan əleyinə qətnamələr qəbul edilir, bəyanatlar verilir.

Belə bəyanatlardan biri oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit tərəfindən səsləndirilib.

O, Azərbaycanı insan hüquqları pozuntusuna görə ittiham edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Avropa rəsmisinin ittihamlarını əsassız adlandırıb.

XİN açıqlamasında qeyd edib ki, Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.

"Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır".

Ümumiyyətlə, hər hansı Avropa rəsmisi üçün Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyət nə qədər maraqlı ola bilər ki?

Əgər Avropa təşkilatları insan hüquqları məsələsinə bu qədər önəm verirlərsə, "köhnə qitə"də sürətlə güclənən islamafobiya, ifrat sağçılıq, türkofobiyanın qarşısını almalıdır.

Son dövrlər isə Avropada artıq ukraynafobiya da yayılmağa başlayıb. Yerli əhali Ukraynanı və ukraynalıları Avropanın gələcəyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaratmaqda ittiham edirlər.

Fransa insan hüquqlarının pozulmasına görə Avropada ən öndə gedən ölkələrdən biridir. Rəsmi Parisin fermerlərin, "sarı jiletlilərin" aksiyalarında tətbiq etdiyi zorakılıqlar aylarla dünya mediasının gündəmindən düşməyib. Fransa sərhədlərindən kənarda da zorakılıqla məşğuldur. Məsələn, Fransa Yeni Kaledonuyada siyasi baxışlarına görə insanları təqib edir, öldürür və ya həbs qərarı çıxarır. Bir müddət əvvəl adada 11 nəfər siyasi fəal saxlanılıb və Fransaya göndərilib. Onlar hazırda həbsdədirlər.

"The Daily Telegraph" Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına görə, Böyük Britaniyada 745 minə qədər qanunsuz miqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur, burada 300 minə yaxın qeyri-qanuni miqrant var. Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qanunsuz miqrantın yaşadığı Almaniya tutur. Avropada hakimiyyət orqanlarının günahı üzündən miqarntların kütləvi ölüm halları günbəgün artır.  

Niyə Avropada qanunsuz miqrantların sayı artır?

Bu tendensiyanın günahkarı da Avropa dövlətləridir. 2000-ci illərin əvvəllərindən Yaxın Şərqdə apardıqları işğalçı müharibələr və "rəngli inqilab"lar nəticəsində insanlar evlərini tərk etməyə məcbur olmuşdular. Həmin hakimiyyətlər Qərblə hesablaşmadıqları, müstəqil siyasət yürütdükləri üçün devrilmişdilər. Evlərini, bütün əmlaklarını itirən miqrantlar Avropaya axın etməyə başlamışdılar.

Hazırda miqrantlar Avropada da sıxışdırılırlar. Onlar milli və etnik kimliklərinə görə Avropa hakimiyyətləri tərəfindən qəbul edilmirlər.

Bu sadalanan məqamlar - Avropa dövlətinin və ABŞ-nin Yaxın Şərqdə və digər qaynar bölgələrdə apardığı ədalətsiz müharibələr, yaratdığı süni ixtişaşlar sübut edir ki, onlara insan hüquqları maraqlı deyil. Ənənəvi hədəfləri onlara tabe olan hakimiyyətlərlə işləməkdir. Bu hədəflərə çatmaq üçün isə "insan hüquqları" şablonunu önə çəkib, ölkələrdə ixtişaş yaradıb, hakimiyyətləri dəyişib öz istədikləri adamı hakimiyyətə gətirirlər.