Azərbaycanda da kalori və allergen məlumatları göstərilə bilər

Türkiyədə 1 iyuldan etibarən restoran və kafelərdə menyularda yeməklərin kalori, tərkib və allergen məlumatlarının göstərilməsi məcburi oldu. Maraqlıdır ki, bu təcrübə Azərbaycanda da tətbiq edilə bilərmi? 

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bu təcrübənin Azərbaycanda da tətbiqi mümkündür.

O, qeyd edib ki, hətta orta müddətdə bu qaçılmazdır.

"Mövzu sadəcə menyuda əlavə məlumat yazmaq məsələsi deyil. İstehlakçı hüquqları, qida təhlükəsizliyi, sağlam qidalanma mədəniyyəti və xidmət sektorunda şəffaflıq məsələsidir.

Xüsusilə allergen məlumatlarının göstərilməsi çox vacibdir. Bu, həm yerli istehlakçılar, həm də ölkəyə gələn turistlər üçün təhlükəsizlik və etibar yaradır. Kalori və tərkib məlumatları isə müştərinin daha məlumatlı seçim etməsinə imkan verir.

Amma Azərbaycanda bunu birdən-birə bütün restoran və kafelər üçün sərt məcburi tələb kimi tətbiq etmək doğru olmaz. Sektorun böyük hissəsi kiçik və mikro sahibkarlardan ibarətdir. Onların standart resept kartları, texnoloji xəritələri, kalori hesablaması və allergen bazası hazır olmaya bilər. Ona görə də tətbiq mərhələli aparılmalıdır," - o deyib. 

S.Dübəndi vurğulayıb ki, ilk mərhələdə iri restoran şəbəkələri, hotel restoranları, franchising obyektləri və yüksək turist axını olan müəssisələr bu sistemə keçə bilər:

"Daha sonra sadələşdirilmiş qaydalarla digər ictimai iaşə obyektlərinə tətbiq oluna bilər. Allergen və əsas tərkib məlumatlarının daha tez, kalori məlumatlarının isə daha uzun keçid müddəti ilə tətbiqi daha real yanaşmadır.

Burada əsas məsələ cərimə mexanizmi deyil, yəni məsələni cərimələrlə həll etmək deyil. Düzgün metodologiya, sahibkarların maarifləndirilməsi və texniki dəstəkdir. AQTA, turizm və sahibkarlıq qurumları, habelə sahə assosiasiyaları birlikdə vahid bələdçi hazırlamalıdır. QR-kod menyular, standart resept kartları və sadə rəqəmsal həllər bu prosesi xeyli asanlaşdıra bilər.

Bu təşəbbüs düzgün tətbiq olunarsa, Azərbaycan restoran bazarında xidmət keyfiyyətini artırar, istehlakçı etibarını gücləndirər və ölkənin turizm imicinə müsbət təsir göstərər", - o yekunlaşdırıb. 

Nəsimi Ələsgərli