Haker hücumlarına qarşı mübarizə gücləndirilir
Azərbaycanda kibertəhlükəsizlik üzrə institusional mexanizmlər yaradılacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Layihə ilə qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir.
Qanun layihəsində dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur.
Layihə ilə həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.
Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.
Qanun layihəsinin qəbul edilməsi ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsinə, kibertəhdidlərə qarşı mübarizənin effektivliyinin artırılmasına, informasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsinə və rəqəmsal inkişaf proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре