https://news.day.az/azerinews/1853863.html AİB Biləcəri–Yalama dəmir yolu üzrə 2 milyon dollarlıq məsləhətçi tenderi elan edib Asiya İnkişaf Bankı (AİB) Biləcəri-Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə məsləhət xidmətlərinin satın alınması üçün maraq ifadələrinin qəbuluna başlayıb.

AİB Biləcəri–Yalama dəmir yolu üzrə 2 milyon dollarlıq məsləhətçi tenderi elan edib

Azərbaycanca, 14 августа 2026 10:05 (UTC +04:00) 138
AİB Biləcəri–Yalama dəmir yolu üzrə 2 milyon dollarlıq məsləhətçi tenderi elan edib

Asiya İnkişaf Bankı (AİB) Biləcəri-Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə məsləhət xidmətlərinin satın alınması üçün maraq ifadələrinin qəbuluna başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yollarının Elektrifikasiyası, Siqnallaşdırılması və Telekommunikasiya Layihəsi (Biləcəri-Yalama)" çərçivəsində layihənin idarə edilməsi üzrə məsləhət xidmətlərinin dəyəri təxminən 2,088 milyon ABŞ dolları qiymətləndirilir.

Məsləhətçi şirkətin seçimi keyfiyyət və xərc əsaslı seçim (QCBS) metodu ilə, beynəlxalq müsabiqə əsasında həyata keçiriləcək. Marağın ifadə edilməsi üçün elan bu gün - 14 avqust 2026-cı il tarixində dərc olunub. Sənədlərin təqdim edilməsi üçün son tarix 12 sentyabr 2026-cı il müəyyən edilib.

Məsləhət xidmətlərinin müddəti 54 ay təşkil edəcək. İşlərin başlanmasına isə 1 fevral 2027-ci il tarixində başlanılması planlaşdırılır.

Layihə üzrə əsas icraçı və sifarişçi qurum "Azərbaycan Dəmir Yolları" QSC müəyyən edilib. Məsləhətçi şirkətlərdən layihələrin idarə edilməsi sahəsində müvafiq təcrübə və ixtisasa malik olmaları tələb olunur.

Maraq ifadəsi təqdim edən şirkətlər hüquqi qeydiyyatını təsdiq edən sənədi, müştərilər tərəfindən verilmiş müvafiq layihələrin başa çatdırılması və ya icra vəziyyətini təsdiqləyən sənədləri, həmçinin ISO sertifikatlarının surətlərini təqdim etməlidirlər.

Birgə müəssisə (JV) formasında müraciət edən şirkətlər isə birliyin yaradılması ilə bağlı niyyət məktubunu və ya birgə müəssisə haqqında rəsmi sazişi təqdim etməlidirlər. AİB-in şərtlərinə əsasən, birgə müəssisədə tərəfdaşların sayının iki şirkətdən çox olmaması üstün tutulur.

Qeyd edək ki, AİB-in 59329-001 layihə nömrəli "Azərbaycan Dəmir Yollarının Elektrifikasiyası, Siqnallaşdırılması və Telekommunikasiya Layihəsi (Biləcəri-Yalama)" layihəsi üzrə ümumi kredit maliyyələşməsinin 350 milyon ABŞ dolları olması nəzərdə tutulur.

Layihə çərçivəsində Biləcəri-Yalama dəmir yolu sahəsinin müasir elektrifikasiya infrastrukturu, siqnallaşdırma və telekommunikasiya sistemləri ilə təchiz edilməsi planlaşdırılır. Bu istiqamətə elektrik təchizatı sistemlərinin, kontakt şəbəkəsinin, yarımstansiyaların, siqnallaşdırma avadanlıqlarının, fiber-optik və simsiz rabitə sistemlərinin quraşdırılması daxildir.

Biləcəri-Yalama xətti Azərbaycanın Şimal-Cənub dəmir yolu dəhlizinin mühüm hissələrindən biridir və beynəlxalq yükdaşımalarında, o cümlədən ixrac, idxal və tranzit əməliyyatlarında istifadə olunur.

Layihənin həyata keçirilməsi nəticəsində dəmir yolu əməliyyatlarının təhlükəsizliyinin və enerji səmərəliliyinin artırılması, yükdaşımaların effektivliyinin yüksəldilməsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin imkanlarının genişləndirilməsi hədəflənir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости