Azərbaycanlı müğənni: "Oğlumun gözəl səsi var" - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Könül Kərimovanın Milli.Az-a müsahibəsi.

- Könül xanım, hər bir məşhurun keçmişdə acınacaqlı, pis günləri olub. Ən azından bunu özləri etiraf edirlər. Siz də "daşdan çörək çıxardan"lardan olmusunuz?

- Bəli, mən də asanlıqla bu yerə gəlib çıxmamışam. Əziyyətlərim çox olub. Hətta təzə-təzə toylara gedəndə çox xəcalət çəkirdim, utanırdım.

- Niyə utanırdınız ki?

- Düşünürdüm ki, yüksək səviyyədə musiqi alan bir müğənni 6-7 saat toyda oxumalı deyil. Tək özümü demirəm, ümumilikdə danışıram. İstedadımızdan düzgün istifadə etməyi bacarmalıyıq.

- Nə zamansa kafelərdə oxumusunuz?

- Qətiyyən. Çünki mən sahib olduğum peşəyə dəyər vermişəm, onu heç vaxt gözdən salmamışam.

- Gözdən salanları görmüsünüz?

- Toylarda, məclislərdə kifayət qədər şahidi olmuşam...

- Könül Kərimova... İllərin təcrübəsi desək, yanılmarıq. Könülü Könül edən nə oldu? Səhnəyə gəlmək həvəsi sizdə haradan qaynaqlanır?

- Ümumiyyətlə, çoxları müğənni olmaq istəyəndə valideynləri buna etiraz edirlər. Maraqlı burasıdır ki, məndə əksinə oldu. Valideynlərim, xüsusən də anam mənim müğənni olmağımı istədi. Təsəvvür edin, mənim hünərim nə idi ki, bir gün musiqi dərnəyinə getməyim? Onda anam məni elə döyürdü ki, gəl görəsən. Bir sözlə, məni döyə-döyə sənətə gətirdilər (gülür).

- Çoxları iddia edir ki, Könül Kərimova da plastik əməliyyatdan istifadə edənlərdən olub. Yoxsa indiyə qədər təbbi yolla belə gözəl qalmaq hardasa mümkünsüzdür. Bu fikirlərə qarşı hansı cavabı verərdiniz?

- Onu demək istəyirəm ki, mən bu yaşıma qədər bədənimin heç bir yerində plastik əməliyyat keçirtməmişəm. Yalnız dodaqlarımda bir az dəyişiklik etmişəm. Ona da ehtiyac var idi. Yəni ki, sırf estetik baxımdan bunu etməmişəm.

- Oxuduğunuz bir mahnıda "Məni də gəl apar, qurbanın olum" deyirsiniz. Bu sözü kiməsə demisiniz?

- Yox, belə bir şey olmayıb (gülür). Sadəcə olaraq, mən oxuduğum bütün mahnıları ürəkdən oxuyuram. Yəqin ki, onu yazan adam da ürəkdən yazıb.

- İndiki gənc müğənnilərin əksəriyyəti açıq-saçıq geyimlərlə gündəmə gəlirlər. Maraqlıdır, siz indiyə qədər bu geyimlərdən heç vaxt istifadə etməmisiniz?

- Sözün düzü, o vaxt belə şeylərə pis baxırdılar. Səhnəyə heç vaxt açıq geyimlə çıxmamışam. Heç çıxmaq fikrim də olmayıb. Gündəlik isə müəyyən qədər sərbəst geyimlərə üstünlük verirəm. Amma o da çərçivə daxilində. Biri var gözəl görünmək, biri də var vulqar...

- Zənninizcə, fiziki quruluşunuz açıq-saçıq geyinməyə imkan verir?

- Düşünürəm ki, bəli, verir. Sadəcə olaraq, bunun üçün bir qədər də arıqlamaq lazımdır. Amma istənilən halda, belə geyimlərdən istifadə etmək mənim üçün gecdir.

- Bəs öz bədənini nümayiş etdirməklə səsini arxa plana "atan" müğənnilərə münasibətiniz necədir?

- Bu onların öz şəxsi işləridir. Bəlkə də, oxuduqları mahnıların motivləri onlara elə geyimlərdə çıxıb oxumağa imkan verir. Lakin istənilən halda bir fərd olaraq mən bunun əleyhinəyəm.

- Bir ara mətbuatda sizin həyat yoldaşınızdan ayrıldığınız gündəmə gəldi. Nə məsələ idi o?

- Heç özüm də bilmirəm ki, haradan çıxartmışdılar bunu. Bu xəbəri yayanlara dəfələrlə demişəm ki, mən ailəliyəm, inanmayan evimə təşrif buyursun, öz gözləri ilə həyat yoldaşımı görsün (gülür).

- Yəqin ki, həyat yoldaşınız sizin işinizə qarışmır...

- Qarışmır deyəndə ki, siz mənim ailəmi görsəniz, deyərisiniz ki, Könül xanım, siz necə müğənni olmusunuz? Sizə necə icazə veriblər. Bizdə o qədər ciddilik hökm sürür. Sadəcə olaraq, mən bu vaxta qədər ailəmin adına ləkə gətirəcək heç bir şey etməmişəm. Bundan sonra da etmərəm. Ona görə də möhkəm etibar qazanmışam.

- Yeri gəlmişkən, ailədə sizdən başqa oxuyan var?

- Oğlumun gözəl səsi var. Bunu təkcə mən demirəm. Bu yaxınlarda Teymur Əmrah da gəlib oğlumun səsinə baxdı. Bəyəndi. Dedi ki, oxumaq üçün böyük ürəyə sahibdir. Sənətin üstünə düşsə, yaxşı olar. Görək də, xeyirlisi (gülür).

Böyütmək üçün şəkillərə klikləyin: