Astroloq Firudin Qurbansoy: "Adam çox istədiyindən öz övladını da gözə gətirir"

Nəzərə gəlməyə inam bu gün də aktuallığını itirmir. El arasında nəzərə "gözdəymə", "göz istəyi", "göz çəkmə", "göz işıldaması", "göz yandırma" kimi də deyirlər. Mütəxəssislər apardıqları tədqiqatlar nəticəsində nəzərin üç əsas növünü müəyyənləşdiriblər. Sarsıdıcı nəzər "Alfa", incidici və ya dağıdıcı nəzər "Betta", "yandırıcı" nəzər "Qamma" adlarına uyğun olaraq insanın səhhətinə və psixologiyasına təsir edir. Nəzər növlərindən ən geniş yayılmışı sarsıdıcı təsiri ilə seçilən "Alfa" nəzəridir. Əksəriyyət belə nəzərin mövcudluğuna inanır. Bu zaman gözə gələn insanın beyninin orta qismində sinirlər hərəkətə gələrək göz kürəsini böyüdür və əsnəmə başlayır. Bəs nəzər necə təsir edir və ondan qorunmaq olarmı? Göz dəymənin sirlərini aydınlaşdırmaq üçün astroloq Firudin Qurbansoyla söhbətləşmişik.
- Nəzər varmı?
- Əlbəttə ki, var. İnsanın gözü enerjiyə malikdir. Elə insanlar var ki, xeyirxahdırlar və onların baxışları, insana yönəlmiş nəzərləri də xeyirxahdır. Belə adamlar saf, xoş enerji verir. Elə insanlar da var ki, bədbin, energetik vampirlər, başqasına pislik istəyən insanlardır ki, başqasının xeyir işini görəndə ürəyi partlayır. İstəyir ki, özü hamıdan yaxşı olsun. Ona görə də kimə baxırsa, yönəltdiyi enerji ilə həmin adama ancaq yamanlıq edir.
- Nəzər insana necə təsir edir?
- İnsanın yeddi bədəni var. Bir - fiziki bədəndir gözlə görünür. Altı bədəni isə gözlə görünmür. Bu altı bədən ruha aiddir. İnsanın ruh bədənləri onun aurasını təşkil edir. Yəni, onun əhatəsində olan, adi gözlə görünməyən bədənlərdir. Bu efir, nazik bədənlər bəd nəzərin natəmiz, mənfi energetikası ilə deşilir. Təsəvvür edin ki, qabın içərisi maye ilə doludur. Qab deşildikdə maye axır. Eləcə də bədənləri də təşkil edən enerji bədnəzərin, gözün təsirindən dəlinir və enerji axını baş verir. Bunun da müqabilində fiziki bədən də əziyyət çəkir. Bu səbəblərdən göz dəymiş adamlar halsız olurlar.
- Nəzər dəymiş ruh bədənlərini bərpa etmək olurmu?
- Bu enerji bədənlərini bərpa etmək üçün xüsusi olaraq sarımsaq kökü, üzərlik, efir yağlarını özündə daşıyan maddələri yandırmaqla onun tüstüsünü həmin göz dəymiş adama iylədirlər və onun bədəninin ətrafında olan yeddi bədəndən dəlinən altı ruh bədən bərpa olur, fiziki bədən də artıq əziyyətini geridə qoyur.
- Gözdəyməyə qarşı bir tədbir görmədikdə, fiziki bədənlə ruh bədənlər öz-özünə bərpa ola bilir?
- Bərpa oluna bilər. Minimum bir həftədən sonra. Elə olur ki, nəzər illərlə adamın orqanlarına təsir edir. İnsan ölə də bilir. Çox güclü gözü olan adamlar insanı öldürə də bilir.
- Necə bilmək olar ki, hansı adamlar gözə gətirə bilər?
- Gözə gələn zaman insan enerjinin tükənməsini hiss edir. Misal üçün, adamı əsnəmək tutursa, demək qarşıdakı onun enerjisini alır. Baxışlardan hiss edirsən ki, baxışlar xeyirxah deyil, bu baxışların içində xoşagəlməyən şeylər çoxdur. Qurani Kərimin iki ayəsində gözdəymə ilə bağlı ayələr var.
- Elə adamlar varmı ki, nəzər onlara təsir etməsin?
- Elə adam yoxdur. Göz adama yaxşı və ya pis mənada təsir edir. Məsələn, adamın qarşıdakına münasibəti yaxşıdırsa, yaxşı fikirlərlə baxırsa, deməli, qarşıdakı adama güclü, saf enerji gedir. Yox, əksinə pis baxırsa, qarşıdakı bu enerjini qəbul etmirsə, narahatçılıq keçirirsə, həmin adamdan və ya olduğu yerdən uzaqlaşmaq istəyirsən. Hər şey insanın qarşısına qoyduğu mətləbdən, məqsəddən asılıdır. Əgər kiməsə xeyirxahlıq edirsənsə, ona ağ enerji göndərirsən. Və burda "göz dəymək" məsələsi ola bilməz.
- Sevdiyimiz, yaxşılığını istədiyimiz insana nəzərimiz dəyə bilərmi?
- Adam çox istədiyindən öz övladını da gözə gətirə bilər. Məsələn, övladının hər hansı bir uğuru səni sevindirirsə, "maşallah" demirsənsə, gözə gələ bilər. "Maşallah" sözünü deməklə göz dəymənin qabağına sipər çəkilir. Lap yaxşı mənada övladınızı tərifləsəniz, xoş niyyətlə ona baxsanız, ona yaxşı enerji göndərsəniz də, onun əhatəsindəki bio sahə deşilir. Misal üçün, su ağac üçün çox vacibdir. Susuz ağac yaşaya bilməz. Amma çox yüksək təzyiqlə suyu ağacın dibinə verdikdə, su ağacın kökünü qoparır. Yəni, enerji bir istiqamətdə, çox olanda ziyan da vura bilər. Bizim övladımıza olan böyük məhəbbətimiz də yüksək təzyiqlə ona ziyan gətirə bilər. Ona görə də mütləq "maşallah" sözü işlətməliyik. Təkcə övladlarımıza yox, sevdiyimiz adamların hamısına. Ümumiyyətlə, "maşallah", "inşallah" sözlərini insanlar mütləq ünsiyyət zamanı istifadə etməlidirlər. Çünki bu sözlər Allahın adı ilə bağlıdır.
/Express/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре