“Gəlib bu yaşa çatmışam…”
Day.Az представляет новость на азербайджанском языке
Kaspi Liseyinin "Milli yaddaş" layihəsi çərçivəsində Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib
"Nəriman Həsənzadənin yaradıcılığı təpədən dırnağa Azərbaycanın tarixi yaddaşıdır. Onun insanlığa, yurda, torpağa, Vətənə, dilə, Anaya münasibətidir. Nəriman Həsənzadənin poeziyası başdan ayağa səmimiyyətdən yoğurulub. Səmimiyyətdən doğulan poeziya isə tarixi, əbədiyaşar pasport alır". Kaspi Liseyinin "Milli yaddaş" layihəsi çərçivəsində Xalq şairi Nəriman Həsənzadə ilə görüşdə səslənən bu fikirlər
Xalq şairinin ömür və yaradıcılıq yolunu böyüyən nəslə tanıtmaqda gözəl fürsət oldu. Qeyd edildi ki, ölkənin görkəmli elm və incəsənət xadimləri, yazıçı və şairləri, tanınmış şəxsiyyətləri ilə görüşlərin keçirildiyi layihə çərçivəsində əsas məqsəd şagirdlərin milli yaddaşını inkişaf etdirmək, onlara tariximiz, mədəniyyətimiz, irsimiz haqqında məlumat vermək və onlara görkəmli şəxsiyyətlərimizi tanıtmaqdır.
İnsanlığa hörmət və ehtiram, vətənə, torpağa sevgi aşılayan hisslərin yer aldığı bir poeziyadan bəhrələnmək və onu duymaq üçünsə Liseyin müəllim və şagirdləri Xalq şairi Nəriman Həsənzadənin ətrafına toplaşdılar.
"Vicdanlı poeziya"
"Ola bilsin ki, bu görüş Nəriman Həsənzadənin aləmində adi bir görüşdür. Bizim üçün isə dərsdir. Milli yaddaş dərsidir" - deyən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva şairin yaradıcılığının 60-cı illərin poeziyası ilə bağlı olduğunu qeyd edərək Azərbaycan poeziyasında mühüm yer tutduğunu diqqətə çatdırdı. Xalq şairinin yaradıcılığını araşdırdıqca yeni nüansların meydana çıxdığını söyləyən təsisçi "Bu səmimiyyəti vərəqləyə-vərəqləyə zəriflik, həlimlik kimi insani və poetik keyfiyyətlərlə yanaşı, həm də yüksək əxlaqi abır-həya kimi dəyərləri gördüm" - deyə vurğuladı: "Bütünlükdə bu fikri ifadə edəcək söz axtardım və bu poeziyanı "Vicdanlı poeziya" adlandırmaq qərarına gəldim. Bu, Azərbaycan poeziyasında çox az rast gəlinən bir ifadədir. Əgər poeziyanın məramında vicdanlılıq, səmimiyyət durursa, bunu Nəriman Həsənzadə yaradıcılığı təqdim edə bilərdi". Xalq şairinin həyatı haqqında lisey şagirdlərinə məlumat verən S.Vəliyeva Nəriman Həsənzadənin çətin həyat yolu keçdiyini yada saldı: "O da siz şagirdlər kimi uşaq olub. Onu da hər səhər anası məktəbə yola salıb. Ancaq Nəriman müəllim anasını 23 yaşında olarkən itirib. Məhz bu yaşa qədər anası onun ürəyində bir işıq yandıra bilib ki, o, şair ola bilib. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, elmi iş müdafiə edib, şəxsiyyət kimi formalaşaraq hamının dərin hörmətini qazanıb. Nəriman Həsənzadə anasının bircə övladı olub. Amma Nəriman Həsənzadə bir ananın deyil, bütövlükdə bir vətənin övladı oldu. Nəriman Həsənzadə bir ocağın işığını yandırmadı, o, qurduğu ideyaları ilə "Qalsam kimliyimi Vətəndən soruş" deyə minlərlə evlərdə könül işığını yandıra bildi. Nəriman Həsənzadə gəncliyindən kimliyini vətənə sübut edə bildi".
Təsisçi Nəriman Həsənzadənin imzasının 22-23 yaşlarından tanındığını diqqətə çatdırdı: "Nəriman Həsənzadə hərbi xidmətdə olarkən anası dünyasını dəyişib. O, öz silahı ilə hərbi hissəni tərk edərək anasını dəfn etməyə gəlib. Hərbi hissəyə qaydanda onu tribunala veriblər. O zaman gənc şairi Rəsul Rza, Nigar Rəfibəyli və yanında olan digər poeziya silahdaşları müdafiə edib. Nəriman Həsənzadə 23 yaşında artıq tanınmışdı ki, onu müdafiə edirdilər. Məhz bu etimada görə də şair hərbi tribunaldan cəzasız çıxdı".
S.Vəliyeva Nəriman Həsənzadənin Azərbaycan poeziyasına böyük səmimiyyət gətirdiyini vurğuladı: "Nəriman Həsənzadə şəxsiyyətində kimdirsə, şeirlərində də həmin adamdır. Nəriman Həsənzadə kişi şairlərin çox az işlətdiyi "Başına dönüm", "Qurban olum" fikirlərini poeziyaya gətirdi. Bu şairin saxta sözü deyildi, səmimiyyəti idi. Mikayıl Müşfiqin yaradıcılığında səmimiyyətin ölçü-biçisi necədirsə, Nəriman Həsənzadə də elədir. Bu baxımdan, şairin özünü Müşfiqin mənəvi övladı saymağa haqqı var". Nəriman Həsənzadənin həyatını yaxşı insanların müşayiət etdiyini xatırladan S.Vəliyeva şairin qarşısına Nazim Hikmət, Mircəlal Paşayev kimi şəxsiyyətlərin çıxdığını və onun həyatında böyük rol oynadıqlarını qeyd etdi: "Böyük şəxsiyyətlərin Nəriman Həsənzadənin yaradıcılığında rolu olub. Bu gözəl hisslər onun poeziyasında da sirayət edib. Nəriman Həsənzadə dünyadan köçən həyat yoldaşına şeirlər yazırdı. O, bu şeirləri yazmasaydı, bu günə qədər yaşaya bilməzdi. Bu şeirlər bir şəhidə yazılan nəğmələr qədər yaddaqalan oldu. Şair əsgərlər arasında olub və həmişə yazdığı şeirləri oxuyub. Nəriman müəllim hər bir şəhidin məzarını Kəbə bilir. Onun Vətənə həsr etdiyi şeirlər də bu qədər müqəddəsdir.
Qaçqına, köçkünə, uşağa, sevdiyi qadına, ona yaxşılığı keçən hər bir insana bu şeirlər təpədən-dırnağa Nəriman Həsənzadənin səmimiyyətini daşıyır". Həyatda Nəriman müəllim kimi qayğıkeş insanların az olduqlarını vurğulayan S.Vəliyeva yaxşı insanların get-gedə azalmasını təəssüflə dilə gətirdi: "Nəriman müəllim ona müraciət edən bir insana kömək edə bilmirsə, axşamlar narahat yatır. Bu, onun böyüklüyüdür. Bu gün yaxşılar dünyada azalır. Yaxşılar azalanda dünyanın tarazlığı pozulur".
S.Vəliyeva Nəriman Həsənzadəyə səslənərək "Sizin tələbəyə, dosta, boşluğunu doldura bilməyə adam tapmadığınız həyat yoldaşınız Sara xanıma, övladınıza, yurda, torpağa, millətin qaçqınına- köçkününə yazdığınız bütün şeirlərinizdə səmimiyyətiniz boy verdi. Sizi bu səmimiyyət sevdirdi insanlara"- deyə bildirdi.
"Dünya çox amansızdır..."
Xalq şairi ilə bağlı xatirələrini bölüşən Yazıçılar Birliyinin üzvü, şair Dayandur Sevgin Nəriman Həsənzadəni həyatın dibindən gəlmiş insan adlandıraraq onun bütün çətinliklərdən keçdiyini bildirdi: "Nəriman müəllim çox əziyyətlər çəkib, ancaq onun poeziyası insanlığa, səmimiyyətə köklənib: "Nəriman Həsənzadənin poeziyasında hər şey - Vətənə, insana, təbiətə, dosta sevgi var. Nəriman Həsənzadə gözəl dostdur. O, böyüklə böyük, kiçiklə kiçikdir. Bu gözəl hislər onun poeziyasında da yer alıb. Buna görə də Nəriman Həsənzadənin poeziyası sevilir".
Nəriman Həsənzadə təşkil edilən görüşə görə KTŞ-nin rəhbərliyinə təşəkkürünü dilə gətirdi. Şagird və müəllim kollektivi üçün keçdiyi ömür yolunu vərəqləyən şair həyatda kədər də, sevinc də yaşadığını, ancaq qarşısına çıxan yaxşı insanlara arxalandığını, yaxşılıqlardan ilham aldığını söylədi: "Dünya çox amansızdır. Atamı uşaqlıqda - 1 yaşım olanda, anamı da 23 yaşımda itirdim. Heç kimim yox idi. Ancaq qabağıma çıxan yaxşı adamlar mənə ata əvəzi oldular. Çünki onlar böyük şəxsiyyətlər idi. Mən Mircəlal Paşayevin tələbəsi idim. O, oğluna aldığı evi mənə verdi. Mən hazırda o evdə yaşayıram. Düzdür, mənə də ev vermişdilər. Bunda isə Nazim Hikmətin rolu olmuşdu. Mənim onunla bağlı çoxlu xatirələrim var. Sonradan oğlumun adını da Nazim qoydum. O, rəhmətə gedəndə oğlum dünyaya gəldi. Mən həmin evi Xəlil Rza Ulutürkə bağışladım. Çünki o ailəli idi və evi yox idi. Mən balaca bir qəsəbədə anadan olmuşam. Amma gəlib ölkənin Xalq şairi oldum. Ulu öndər həmişə bizi özü ilə görüşlərə aparırdı. O, mənim əsərim əsasında hazırlanan "Atabəylər" tamaşasına gəlmişdi. O, bizi yetişdirdi". Şairliyin asan olmadığını bildirən N.Həsənzadə bu şöhrəti qazanmaq üçün ömrün nərdivanında pillə-pillə, çətinliklə irəlilədiyini dedi: "Mən əziyyət çəkə-çəkə gəlib bu yaşa çatmışam".
Şairin dillər əzbəri olan bir neçə şeiri elə öz dilindən səsləndi.
Liseyin şagirdləri Nəriman Həsənzadənin sözlərinə yazılmış mahnını və onun şeirlərini ifa etdilər. Şair həmçinin, şagirdləri maraqlandıran sualları cavablandırdı. Uşaqların "Həyatınızda üzləşdiyiniz ən çətin məqam hansı olub?", "İlk şeirinizi nə zaman yazmısınız?" "Həyatda qarşınıza yalnız yaxşı insanlar çıxıb?", "Ən çox hansı əsərinizi sevirsiniz?", "Həyatda itirdikləriniz çoxmu olub?", "Necə oldu ki, şeir yazmaq istədiniz?" və s. kimi sualları həvəslə cavablandırdı. Şagirdlərdən birinin "Qocalmaqdan qorxursunuzmu?" sualına isə "Yaş ötüb, saça dən düşüb" - deyə yazan şairin orijinal cavabı eşidildi: "Bu barədə düşünməmişəm heç..."
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
kaspi
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре