Səs təqlid edən kiberdələduzlardan necə qorunmaq lazımdır? - Ekspert AÇIQLADI
Texnologiyanın inkişafı ilə birgə bir sıra yeni dələduzluq üsulları yaranır ki, bunlardan da ən təhlükəlisi tanıdığımız insanların səs təqlididir.
Day.Az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov belə halla qarşılaşdıqda aldanmamaq üçün nələrə diqqət etməli olduğumuzu qeyd edib.
O, bildirib ki, süni intellektlə doğmalarımızın və ya tanıdığımız insanların səsini təqlid edərək pul tələb etmək son zamanların ən qorxulu dələduzluq üsullarından birinə çevrilib.
"Belə bir zəng aldıqda edəcəyiniz ilk və ən vacib şey panikaya düşmədən zəngi dərhal söndürməkdir. Ekranda həmin şəxsin adı və ya tanıdığınız nömrə görünsə belə, dəstəyi asıb həmin adama özünüz birbaşa zəng edin. Həmçinin ailənizlə əvvəlcədən aranızda yalnız ikinizin biləcəyi gizli bir parol və ya sual təyin etmək çox işinizə yarayar. Sübhəli məqamda qarşı tərəfdən həmin sözü soruşsanız, alqoritm dərhal ifşa olunacaq,", - o deyib.
Ekspert vurğulayıb ki, aldadıldığınızı anlamaq üçün qarşı tərəfin sizdə yaratmaq istədiyi süni təcililiyə və səsdəki xırda detallara fikir verin:
"Dələduzlar adətən sizə düşünməyə vaxt vermədən "təcili xəstəxanadayam, dərhal pul köçür" kimi təzyiqlər edirlər. Diqqətlə dinləsəniz, səs nə qədər oxşasa da, intonasiyada qəribə bir robotik hamarlıq, cümlə aralarında uyğunsuz pauzalar və ya fon küyünün anidən kəsilməsi hiss olunur. Qarşı tərəfə yalnız ikinizin arasında olan xırda bir xatirə və ya hadisə ilə bağlı sual versəniz, heç bir süni intellekt buna məntiqli cavab verə bilməyəcək", - o bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре