Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
Azərbaycanda pensiya sistemində bir sıra dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır. Yeniliklər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, eləcə də səlahiyyət müddətinə uyğun pensiya alan şəxslərin pensiyalarının hesablanması qaydasını əhatə edir.
Day.Az xəbər verir ki, hazırda həmin kateqoriyalara aid şəxslərin pensiya məbləği əsasən əməkhaqqı və ya sonuncu təminat xərcliyi nəzərə alınmaqla müəyyən edilir. Təklif olunan yeni mexanizmə görə isə pensiyanın hesablanmasında əsas meyar şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı olacaq. Beləliklə, pensiya məbləğinin sonuncu əməkhaqqından birbaşa asılılığı aradan qaldırıla bilər.
Dəyişikliklər çərçivəsində bu şəxslərə aylıq pensiya əlavələrinin verilməsi də nəzərdə tutulur. Dövlət qulluqçularının əlavələri tutduqları vəzifənin inzibati təsnifatına, hərbi qulluqçuların əlavələri isə hərbi rütbələrinə uyğun müəyyənləşdiriləcək. Səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün isə əlavələrin məbləği konkret vəzifələr üzrə sabit olacaq.
Digər yenilik pensiyaların müraciət edilmədən, proaktiv qaydada təyin olunmasıdır. Bu mexanizm tətbiq edilərsə, vətəndaşların pensiya almaq üçün müvafiq qurumlara ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq. Tələb olunan məlumatlar elektron sistemlərdən əldə ediləcək, pensiya və ona nəzərdə tutulan əlavə avtomatik təyin olunacaq.
Pensiya sistemində nəzərdə tutulan dəyişikliklər bununla da məhdudlaşmır. Əmək pensiyalarının və fərdi hesablarda toplanan pensiya kapitallarının indeksləşdirilməsi qaydasının da yenilənməsi gündəmdədir.
Mövcud qaydalara əsasən, əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım göstəricisinə uyğun, fərdi hesablardakı pensiya kapitalı isə istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla indeksləşdirilir.
Yeni təklifə görə, indeksləşdirmə zamanı pensiya və pensiya kapitalının məbləği əsas götürülərək fərqli yanaşma tətbiq ediləcək. Aşağı məbləğli pensiyalar və kapitalların əvvəlki qaydada tam indeksləşdirilməsi, daha yüksək məbləğlər üçün isə fərqli hesablama mexanizminin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Gözlənilən dəyişikliklərin əsas hədəfi pensiya sistemində sığorta prinsiplərinin rolunu gücləndirmək, aşağı məbləğli pensiyaların artırılmasına şərait yaratmaq və sistemin uzunmüddətli maliyyə dayanıqlığını təmin etməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре