Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.
Day.Az xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzindən Modern.az-a cavab olaraq hazırkı məlumatlar əsasında hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini təsdiqləmək mümkün olmadığı deyilib.
Mərkəzdən qeyd olunub ki, Xəzər dənizi vahid su hövzəsi olduğundan onun ekoloji vəziyyətində baş verən dəyişikliklər, o cümlədən suyun keyfiyyətinə, hidrometeoroloji şəraitə və su bioresurslarının yaşayış mühitinə təsir edən amillər bütün Xəzəryanı ölkələr üçün əhəmiyyət daşıyır.
Bununla belə, Qazaxıstan sahillərində qeydə alınan hadisənin Azərbaycanda analoji vəziyyətə səbəb olacağını və ya ölkəmizə birbaşa təsir göstərəcəyini demək üçün kifayət qədər məlumat yoxdur. Belə bir ehtimalın qiymətləndirilməsi üçün balıqların tələfat səbəbi, hadisənin başvermə şəraiti, suyun hidrokimyəvi göstəriciləri və digər elmi məlumatlar araşdırılmalıdır.
Məlumatlara görə, hadisə oktyabrın 20-də qeydə alınıb. Ölü balıqlar "Ömir glamping" istirahət zonası ərazisindən Pesaçnı burnu istiqamətinə və Kurık limanına qədər uzanan, təxminən 15 kilometr uzunluğunda sahil zolağında aşkarlanıb. Balıq cəsədlərinin müxtəlif parçalanma mərhələlərində olduğu bildirilib.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, balıq cəsədlərinin toplanması, daşınması və utilizasiyası istiqamətində tədbirlərə başlanılıb.
Qazaxıstanın müvafiq qurumlarının açıqlamalarına əsasən, balıqların uzun müddət əvvəl tələf olması və cəsədlərin təbii quruma mərhələsində olması səbəbindən histoloji və toksikoloji təhlillər üçün yumşaq toxuma nümunələri götürmək mümkün olmayıb. Bu səbəbdən ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.
Vizual müayinə zamanı balıqların bədənində balıqçılıq torlarının izləri və qarmaqla ovlanmaya xas dəliklər aşkarlanmayıb. Güclü qərb küləyinin balıq cəsədlərini sahilə çıxarmış ola biləcəyi də ehtimallar arasında göstərilib.
Qeyd edək ki, hadisənin səbəbi ilə bağlı yekun nəticə olmadığından balıqların tələfatını konkret amillə əlaqələndirmək hələlik mümkün deyil.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре